Bakı. Trend:
Keçmiş dünya çempionları, amerikalı boksçular Mayk Tayson və Floyd Meyvezer Konqo Demokratik Respublikasında döyüş keçirəcəklər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayson "X" sosial şəbəkəsindəki hesabına məlumat verib.
Tədbir aprelin 25-də baş tutacaq.
48 yaşlı Meyvezerin peşəkar boks karyerasında 50 qələbəsi (27-si nokautla) var və heç vaxt məğlub olmayıb. O, beş çəki dərəcəsində dünya çempionu olub və 1996-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Meyvezer 2017-ci ildə peşəkar karyerasını başa vurub.
Peşəkar karyerasını bitirdikdən sonra Meyvezer bir neçə nümayiş xarakterli döyüş keçirib. O, kikboksçu Tensin Natsukavanı birinci raundda nokaut edib, bloqer Loqan Pol və Don Mur ilə döyüşləri heç-heçə başa vurub, MMA döyüşçüsü yapon Mikuru Asakura və bloqer Oladeji Olatuncini məğlub edib, Aaron Çalmers və Con Qotti ilə görüşləri isə nəticəsiz qalıb. Bundan başqa, o, iki çəki dərəcəsində UFC kəmərinin keçmiş sahibi olan irlandiyalı Konor Makqreqoru boks görüşündə məğlub edib.
