Tiflisə səfər etmiş ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşüb.
Trend in Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, birgə brifinqdə Gela Bejuaşvili bəyan edib ki, görüşdə Cənubi Osetiyada münaqişənin nizamlanması üzrə Gürcüstanın təqdim etdiyi sülh planının həyata keçirilməsi perspektivləri, o cümlədən ATƏT-in 1999-cu il İstanbul sammitinin Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı qərarlarının yerinə yetirilməsi haqqında məsələlər müzakirə mövzusu olub.
"Biz sülh planına daxil edilmiş bütün bəndləri göstərilmiş müddətdə yerinə yetirməyə hazırıq", - deyə C.Bejuaşvili qeyd edib.
Onun sözlərinə görə, donorların Brüsseldə keçirilmiş konfransı böyük əhəmiyyət kəsb edir. Bu konfransda Tsxinvali regionunda münaqişə zonasının iqtisadi cəhətdən reabilitasiyası məqsədilə 7,9 mln avronun ayrılması qərara alınıb.
"Mən şadam ki, tərəflər donorların görüşündə iqtisadi inkişafa öz töhfəsini vermək istəyini bildirib", - deyə Karel de Quxt qeyd edib.