...

Türkiyə Prezidenti Şeyx Yunus Əmrənin məzarını ziyarət edib (YENİLƏNİB)

Siyasət Materials 17 Avqust 2010 18:07 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 17-də respublikamızın şimal-qərb bölgəsində olub.
Türkiyə Prezidenti Şeyx Yunus Əmrənin məzarını ziyarət edib (YENİLƏNİB)

RED. əlavəsi: Abdullah Gülün Qaxa səfəri yenilənib

Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də Zaqataladan Şəkiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığında Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül dəstəsi qoyub.

Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat verilib ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII - XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərib. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı var. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki Oğuz qəbiristanlığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduqları ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılıb. Yerdən bir metr hündürlüyündə çay daşından tikilmiş, hörgü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir.

Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təşkil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII - XIV əsrlərdə Oncallı kəndində meydana gəlməsi, müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın məzarları bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir.
Sonra Türkiyə Prezidenti Abdullah Gül və onu müşayiət edən şəxslər Şəki şəhərinə gəldilər.

Xəbər lenti

Xəbər lenti