...

Binəqədidə "1646"-nın yaranmasından 2 il ötür

Cəmiyyət Materials 6 Fevral 2015 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Binəqədi Rayon İcra Hakimiyyətində "Sakinlərin Müraciət Xidməti - 1646"-nın yaranmasından 2 il ötür. Trend-in məlumatına görə, bu məqsədlə Rayon İcra Hakimiyyətində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti- 1646″ (SMX-1646) istifadəyə verilib: "Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. İki il müddətində göstərilən xidmət onu deməyə əsas verir ki, Binəqədi sakinləri bu xidmətdən məmnundurlar

Daha sonra çıxış edən Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti, sakinlərə göstərilən xidmət barədə ətraflı məlumat verib. Bildirib ki, xidmət eyni zamanda 30 telefon nömrəsini qəbul edə bilir. Anar Səfərli 1646 xidmətinin sürətli kommunikasiya sistemi ilə təmin olunduğunu söyləyib: "Bütün zənglərin qeydiyyatı aparılır. Hətta xətlər məşğul olduqda və vətəndaş əlaqə yarada bilmədikdə dərhal biz özümüz onunla əlaqə saxlayır, problemini öyrənirik". Anar Səfərli bildirib ki, vətəndaşın şikayət etdiyi dövlət qurumunun rəhbərliyinə də xidmət vasitəsilə sms göndərilir və bu problem təşkilat rəhbərinin diqqətinə çatdırılır. Onun sözlərinə görə, 1646 xidməti yarandıqdan sonra yerli təşkilat və qurumlarda da məsuliyyət hissi artıb. Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 xidməti yaratmaqla Azərbaycanda ilkə imza atdığını deyən Anar Səfərli yaxın vaxtlarda xidmətin fəaliyyətinin genişləndiriləcəyini söyləyib:

"Həmçinin sakinlər elektron formada da xidmətə müraciət edə bilərlər. Bunun üçün 1646 xidmətinin elektron poçt ünvanı və facebook səhifəsi də yaradılıb. 1646 xidməti 24 saat ərzində fəaliyyət göstərir". Anar Səfərli deyib ki, 1646 xidməti fəaliyyətə başladığı gündən 58 mindən artıq müraciət daxil olub və onların 99 faizi cavablandırılıb. Bu xidmətin fəaliyyətə başlaması nəticəsində yazılı müraciətlərin sayı da 20 fazi azalıb".

Mətbuat konfransının sonunda KİV nümayəndələri 1646 xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, xidmətə daxil olan zənglər, vətəndaşla yaradılan ünsiyyəti canlı izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti