Bakı. Trend:
Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, məktəbliləri təbrik etmək üçün 246 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon şöbəsinin rəisi Polad Abdullayev, 246 saylı məktəb-liseyin derektoru Almaz Bayramova, professor Əjdər Ağayev, azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs qrupu, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Öncə 246 saylı məktəb-liseyin derektoru A.Bayramova şagirdləri, müəllimləri və qonaqları salamlayıb. Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərov və professor Ə.Ağayev təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıblar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov çıxış edərək Bilik Günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 90 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.
Sonra azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs qrupu, 3-cü sinif şagirdi Aysel Bektaşin çıxış edib, məktəblilərin ifasında şeir dinlənilib.
Tədbirin ardınca Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov və qonaqlar “Sağlam təhsil” layihəsi əsasında yaradılmış sinif otağına, həmçinin Şahmat məktəbinin nəzdində fəaliyyət göstərən Şahmat sinfinə baxış keçiriblər, məktəbdə yardılmış şəraitlə tanış olublar.