Bakı. Trend:
Aprelin 15-də Binəqədi rayonunda ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, ümumrayon iməcliyi keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 2500 nəfər fəal iştirak ediblər.
Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, aksiyalar çərçivəsində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, abadlıq işləri görülüb. Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmir edilərək rənglənib. Binaların qarşısında bardurlar yenidən bərpa olunub, bloklar cari təmir edilib. Ağacların qurumuş budaqları budanaraq, dibləri bellənib. Həmçinin, binaların həyətində, məhəllədaxili parkda yeni ağaclar əkilərək sakinlərin ixtiyarına verilib.
Ümumrayon iməcliyi zamanı 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 1və 2 saylı binaların qarşısında və 7\19 saylı binanın arxasında ümumilikdə 1500 ədəd ağac əkildi. Cəfər Xəndan küçəsində 1000 m2 ərazidə qazon salınıb, Bakı-Sumqayıt və Azadlıq prospekti yolları boyunca 2000 gül əkilib. İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri çərçivəsində yolun asfalt-beton örtüyü yenidən döşənib. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri də bərpa olunaraq asfaltlanıb. Ümumilikdə, 10 min m2-dən çox sahə asfaltlanaraq sakinlərin ixtiyarına verilib.
Bayram əhval-ruhiyyəsində keçən ümumrayon iməcliyində rayonun məktəbəqədər təhsil müəssisələri də fəal iştirak etdilər. 272, 151 və 177 saylı körpələr evi-uşaq bağçalarının balaca fidanları isə maraqlı kompozisiyaları, rəqsləri ilə bu aksiyaya öz töhvələrini veriblər. Təmizlik aksiyasının sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub. Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.