...

Prezident Administrasiyası: Azərbaycanda jurnalistlərə təzyiqlə bağlı iddialar əsassızdır

Siyasət Materials 16 May 2012 11:54 (UTC +04:00)
Bu gün Azərbaycanda "KİV haqqında" qanun mətbuat azadlığına tam təminat verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib.
Prezident Administrasiyası: Azərbaycanda jurnalistlərə təzyiqlə bağlı iddialar əsassızdır

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda "KİV haqqında" qanun mətbuat azadlığına tam təminat verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib.

"Eurovision 2012" mahnı müsabiqəsinin təşkilat komitəsi bu tədbirin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi üçün üzərinə düşən məsuliyyəti tam dərk edir və Avropa ailəsini möhtəşəm bir şou ilə sevindirmək üçün əlindən gələni edir", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı, vətəndaşları belə möhtəşəm tədbiri öz mədəniyyətimizi, milli xüsusiyyətlərimizi, müstəqillik illərində nailiyyətlərimizi dünyaya təqdim etmək üçün çox böyük fürsət kimi dəyərləndirirlər.

"Lakin təəssüflə qeyd etməliyəm ki, "Eurovision"un tarixində bu tədbiri bu qədər siyasiləşdirmək və hər hansı ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri olmamışdı. Bizə tarixdən məlumdur ki, bəzi ölkələrdə demokratiya və insan haqları ilə bağlı məsələlər kritik durumda olduğu zamanda belə, bu tədbir siyasi təzyiq vasitəsinə çevrilməyib", - o deyib.

Əliyev qeyd edib ki, bu tədbir kim üçün öz siyasi ambisiyalarını reallaşdırmaq, kim üçün davamlı qrantlar əldə etmək, kim üçünsə öz iqtisadi maraqlarını həyata keçirmək üçün bir vasitədir. "Çox təəssüf ki, bütün bu çirkin kampaniya demokratiya adı altında belə mühüm mədəni tədbirdən sui-istifadə etməklə həyata keçirilir", - PA rəsmisi vurğulayıb.

O qeyd edib ki, Dövlət Bayrağı Meydanında iki 9 mərtəbəli binadan Natalya Əlibəyova adlı qadından başqa heç kimi tapmadılar. Mirzəağa Əliyev küçəsində müxalifət fəalı olan bir qadın və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusdan başqa heç kim danışmadı. "Çünki hamıya lazımi kompensasiyalar verildi, ya da müvafiq evlərlə təmin olundular. Hay-küy qaldıranlar isə ya müxalifətin fəalları, ya da bu əməliyyat nəticəsində zənginləşmək istəyən tək-tük adamlardır", - o deyib.

Əliyev qeyd edib ki, Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik edir, Avropa Şurasının, ATƏT-in üzvü, Avropa İttifaqının "Şərf tərəfdaşlığı" proqramının iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi mənbəyə çevrilən ölkədir.

Əliyev deyib ki, Azərbaycanda mətbuat əlavə dəyər vergisindən azad edilib, qəzet kağızına gömrük rüsumları ləğv olunub, 2006-cı ilin martında qəzetlərin "Azərbaycan" nəşriyyatına 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib.

"Bu gün ölkədə 4600 mətbuat orqanı, yüzlərlə internet informasiya resursu, 50-dən artıq informasiya agentliyi və s. vasitələr uçota götürülüb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 80-ə yaxın jurnal, 50-yə yaxın milli informasiya agentliyi fəliyyət göstərir", - o deyib.

PA rəsmisi bildirib ki, Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib, 30 media təşkilatı birbaşa söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi və digər məsələlərlə aktiv məşğul olur.

"İddia edilir ki, hakimiyyət mətbuat yayımını məhdudlaşdırır. Lakin ötən ildən başlayaraq regionlarda satış köşklərinin sayının artırılması və onların müasirləşdirilməsi ilə bağlı tədbirlər görülür. Hər bir köşkdə hakimiyyəti tənqid edən müxalifət qəzetləri açıq və maneəsiz yayımlanır", - o deyib.

Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycanda mətbuatın inkişafına maneçilik törədən ən birinci səbəb medianın iqtisadi müstəqilliyinin zəif olmasıdır.

"İqtisadi müstəqilliyi olmayan media orqanı məcburi şəkildə siyasi qüvvələrin, biznes dairələrinin təsiri altına düşür və sifarişlər yerinə yetirməyə başlayır. Mən Azərbaycanda jurnalistlərə təzyiqi dövlət siyasəti kimi qələmə vermək cəhdlərini birmənalı şəkildə inkar edir və bildirirəm ki, bütün ölkələrdə baş verən ayrı-ayrı faktları ümumiləşdirərək dövlət siyasəti kimi qələmə vermək absurddur", - o deyib.

PA-nın sektor müdiri vurğulayıb ki, 2009-cu ildən Azərbaycanda diffamasiya hallarına görə jurnalistlərin məhkəmələrə cəlb edilməsi praktikasına qadağa tətbiq olunub.

"2011-ci ildə Böyük Britaniyada "News of the World" qəzetinin fəaliyyətinin dayandırılmasını, onun əməkdaşlarının həbsini və ya elə həmin il iğtişaşlar zamanı bloqerlərin azadlıqdan məhrum olunmasını, internetin məhdudlaşdırılmasını da Britaniya hökumətinin anti-demokratikliyi və ya İngiltərədə mətbuata basqılar kimi qələmə verməliyikmi? Bu gün Azərbaycanla bağlı koalisiya yaradıb gündə bir bəyanat verən Article XlX, "Eurovision" iştirakçılarına məktublar yazıb onları Azərbaycana gəlməməyə çağıran "Amnisty International" təşkilatı nə əcəb bu məsələlərə diqqət yetirmədilər? Fransada qondarma "erməni soyqırımı" ilə bağlı antidemokratik qanun Milli Assambleyada müzakirəyə çıxarılanda, Nikola Sarkozi tərəfindən imzalanaraq Konstitusiya Şurasına göndəriləndə bu təşkilatlar, o cümlədən "Sərhədsiz Reportyorlar" təşkilatı niyə səslərini çıxarmadılar? Bunlar ABŞ-da "Uoll striiti işğal et" kampaniyası zamanı, Hamburqda baş verən qarşıdurmalarda insanlara qarşı qəddar davranışlardan yazdılarmı, danışdılarmı? Xeyr, çünki bu məqsədlər üçün onlara qrant ayrılmayıb", - Əliyev deyib.

O, həmçinin deyib ki, Azərbaycanda siyasiləşmiş mətbuat mövcuddur. "Onların əməkdaşlarının bir çoxu siyasi partiyaların fəallarıdır. Bəzi hallarda, xüsusilə, qeyri-qanuni aksiyalar zamanı həmin şəxslər özlərini hadisə yerindən material hazırlayan jurnalist kimi deyil, birbaşa aksiya iştirakçısı kimi aparırlar, sini şəkildə polis əməkdaşları ilə qarşıdurma yaradılır və nəticədə arzuolunmaz hallar baş verir", - o deyib.

Əliyev bütün bunları oyun, ikili standartlar, ədalətsizlik, müstəqil bir ölkəni nəyəsə məcbur etmək cəhdi adlandırıb.

"Lakin biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan hakimiyyəti təzyiq ritorikasını qəbul etmir və etməyəcək. Mən tam əminliklə deyirəm ki, Azərbaycan Respublikasının hazırkı hakimiyyəti və Prezident İlham Əliyevin siyasi komandası fikir, söz və məlumat azadlığını ölkədə həyata keçirilən ümumi demokratik inkişaf və idarəçiliyin, vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsi hesab edir və bundan sonra da demokratiyanın, plüralizmin, azad media və informasiya fəaliyyətinin inkişaf etdirilməsi sahəsində öz üzərilərinə düşən vəzifələri yerinə yetirmək əzmindədirlər", - PA rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti