...

Sarvan Rəsulov: Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası istənilən təşkilatla birgə əməkdaşlığa hazırdır

Cəmiyyət Materials 17 Oktyabr 2011 10:36 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov Trend-in suallarını cavablandırır.
Sarvan Rəsulov: Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası istənilən təşkilatla birgə əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov Trend-in suallarını cavablandırır.

- Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ümumi iş prinsipləri barədə məlumat vermənizi xahiş edirəm.

- Son illər bu idman növlərinin populyarlaşması üçün federasiya tərəfindən müəyyən işlər görülüb, federasiyanın internet saytı yaradılıb, əhalinin, xüsusən də gənclərin ekstremal idman növlərinə marağının artırılması üçün məqsədyönlü proqram həyata keçirilib. Təşkil olunan bir sıra tədbirlər ölkəmizin idman tarixində ilklər sırasında yer alıb. Fəxrlə demək olar ki, yarandığı qısa zaman ərzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası artıq 3 beynəlxalq federasiyada ilk dəfə olaraq ölkəmizi təmsil etməyə başlayıb. Daim çalışırıq ki, təşkil etdiyimiz bütün tədbirlər ancaq bu idman növlərinin inkişafına xidmət etsin və heç vaxt siyasi məqsəd daşımasın. Bizim yalnız bir məqsədimiz var: bu idman növlərini inkişaf etdirmək və ölkəmizi digər idman sahələrində olduğu kimi, bu sahədə də beynəlxalq səviyyədə layiqincə təmsil edəcək idmançılar yetişdirmək.

- Azərbaycanda Alpinizm Federasiyası da fəaliyyət göstərir və sizin federasiya ilə həmin təşkilat arasında anlaşılmazlıqların olması barədə məlumatlar səslənir. Buna münasibətiniz?

- Biz çalışırıq bu sahə ilə məşğul olan bütün təşkilatlarla normal, işgüzar münasibət quraq. O cümlədən də Alpinizm Federasiyası ilə. Lakin müəyyən səbəblərdən buna heç də həmişə nail ola bilmirik. Bəzən arzuolunmaz hallarla üzləşirik. Konkret belə bir fakt deyə bilərəm ki, Alpinizm Federasiyası tərəfindən bizim idmançılara zəng edilir və "biz sizə ayaqqabı alacağıq" kimi şirnikləndirici təkliflərlə sadəlöhv dağçıları öz federasiyalarına cəlb etmək istəyirlər. İdmançılarımızın böyük əksəriyyəti belə təklifləri dağçıların kişilik hisslərinə təhqir hesab edərək etirazla qarşılayırlar. Hesab edirik ki, bu cür münasibət bütövlükdə dəyərlərin korlanmasına gətirib çıxarır və absurd, gülünc vəziyyət formalaşdırır. Bundan başqa axı bu idman növləri hələ bizim ölkədə kütləvi deyil. Kişiliyə, dağçılığa yaraşmayan yollara əl atmaqdansa, bu idmana yeni adamları cəlb etmək və bu sahədə şəxsi ambisiyaları bir kənara qoyaraq, ümumi iş naminə əməkdaşlıq etmək olmazmı? Bəzən daha gülünc hadisələrlə üzləşirik. Bir müddət əvvəl bizim təşəbbüsümüz və təşkilatçılığımızla dağlarda təlim-məşq keçmək üçün Ukraynadan bir qrup idmançı cəlb olunmuşdu. Tədbirin sonunda idmançılar imtahan verərək təlimçilərdən müvafiq idman dərəcələri və bu dərəcələrə uyğun sənədlər almalı idilər. Lakin tədbirdən sonra ukraynalı təlimçilər, görünür aldıqları hansısa gizli təlimata əsasən, idmançılarımızla bağlı sənədləri kənar şəxslərə veriblər. Azərbaycan Alpinizm Federasiyasındakı bu şəxslər isə bizim idmançılara telefon açaraq özlərinə heç bir aidiyyəti olmayan bu sənədləri təqdim etmək istəyi ilə öz yanlarına dəvət ediblər. Təbii ki, idmançılarımız belə intiriqaları sevmir və belə oyunlara getmirlər. İdman etikasını bilmirsinizsə, heç olmasa beynəlxalq federasiyalara üzv olaraq onlardan öyrənin. Hesab edirik ki, bu cür hərəkətlər ölkə idmanının ümumi inkişafı üçün yolverilməzdir.

Ümumiyyətlə, bütün bunlara baxmayaraq biz istənilən təşkilatla ölkə idmanının inkişafı naminə yenə də birgə əməkdaşlığa hazırıq.

- Bu günlərdə Bakıda MDB ölkələri və Gürcüstan Alpinizm federasiyaları rəhbərlərinin III sammiti keçirilərkən idmançıların yüksək dağlıq ərazilərə qalxması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası üzvlərinə üstünlük verildiyi barədə söylənilən fikirlər nə dərəcədə doğrudur?

- Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov həm də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidentidir. Lakin bu, federasiyamızın üzvləri üçün xüsusi şəraitin yaradılması demək deyil. Federasiyamız daha çox qayda-qanuna riayət edir və öz vətəninin qanunlarına hörmətlə yanaşır. Qanun qanundur, heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Söylənilən fikirlər sadəcə, qayda-qanunu sevməyən, Azərbaycan dövlətinə, xalqına, dilinə, qanunlarına hörmətsiz, yuxarıdan aşağı baxan şəxslərin ictimaiyyəti yanlış yola yönləndirmək istəyindən başqa bir şey deyil. Yeri gəlmişkən, belə məlumatı yayanlar da şəxsi qərəzli məqsədlərdən kənara çıxa bilməyənlərdir.

Biz istəmirik ki, bu idman növləri siyasiləşsin. Biz daha çox bu sahədə əlaqələrimizin beynəlxalq səviyyə çərçivəsində inkişaf etdirilməsi və bu idman növlərinin yüksəlişi üçün daha çox inkişaf etmiş tərəflərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasının tərəfdarıyıq.

Xəbər lenti

Xəbər lenti