...

DİN: Gəncənin polis rəisi öz xahişi ilə işdən çıxarılıb

Cəmiyyət Materials 22 Yanvar 2013 10:15 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev Daxili İşlər Nazirliyinə raport göndərərək tutduğu vəzifədən azad olunmasını xahiş edib.
DİN: Gəncənin polis rəisi öz xahişi ilə işdən çıxarılıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev Daxili İşlər Nazirliyinə raport göndərərək tutduğu vəzifədən azad olunmasını xahiş edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, onun bu xahişi nəzərə alınaraq yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rasim Musayev tutduğu vəzifədən azad edilib və nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Rasim Musayevin səlahiyyətlərinin icrası Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən birinə tapşırılıb.

Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasim İslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib. Elə həmin vaxt Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib.

Rasim Musayev Binəqədi rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti