Azərbaycan milli müsiqisi Qazaxıstanda keçirilən milli azlıqların festivalında təmsil olunub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, bu günlərdə Qazaxıstanın Cambul vilayətində bu ölkədə yaşayan milli azlıqların mədəniyyət mərkəzlərinin iştirakı ilə festival keçirilib. Festivalda əsasən vilayətin Çu rayonunda yaşayan 30-dan çox millətin mədəniyyət mərkəzləri nəzdində fəaliyyət göstərən incəsənət kollektivləri iştirak ediblər. Cambul festivalında Çu rayonunun soydaşlarımızın sıx yaşadığı Janijol (Yeni Yol) kəndində bu yaxınlarda rəsmi dövlət qeydiyyatından keçən Nəsimi adına Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində yenicə yaradılan "Azərbaycan Qızları" rəqs qrupu maraqlı və rəngarəng proqramla çıxış edib. Azərbaycan musiqiləri Cambul vilayətinin əhalisi tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Cambul vilayətində 20 mindən artıq azərbaycanlı yaşayır. Onların demək olar ki, hamısı repressiya illərində Qazaxıstana sürgün olunmuş soydaşlarımız, onların övladları və nəvə-nəticələridir. Azərbaycanlılar arasında tanınmış həkim və müəllimlər çoxluq təşkil edir. Keçmiş SSRİ dövründə ancaq Çu rayonunda 10-a yaxın soydaşımız Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdü.