...

"Dünya" məktəbi üçün yeni təhsil və xidmət kompleksi tikiləcək

Mədəniyyət Materials 23 May 2011 15:07 (UTC +04:00)
Azərbaycanın nüfuzlu təhsil qurumlarından biri olan Xəzər Universiteti nəzdində təsis edilmiş "Dünya" məktəbi növbəti iri layihəsinin icrasına başlayır. Bu, yeni və müasir standartlara cavab verən məktəb kompleksinin tikintisi layihəsidir.
"Dünya" məktəbi üçün yeni təhsil və xidmət kompleksi tikiləcək

Azərbaycanın nüfuzlu təhsil qurumlarından biri olan Xəzər Universiteti nəzdində təsis edilmiş "Dünya" məktəbi növbəti iri layihəsinin icrasına başlayır. Bu, yeni və müasir standartlara cavab verən məktəb kompleksinin tikintisi layihəsidir.

Məktəb üçün yeni təhsil və xidmət kompleksinin tikintisinə başlamaq üçün müvafiq dövlət qurumlarından artıq icazə alınıb və işlərə 2011-ci ilin ikinci yarısında başlanacaq.

Tikiləcək kompleks həm məktəbəqədər təhsil pilləsi üzrə uşaqların hazırlığı, həm də "Dünya" məktəbinin şagirdləri üçün nəzərdə tutulub. Kompleksə tədris binası ilə yanaşı, həmçinin köməkçi tikililər (idman zalı, yeməkxana, kitabxana və s.) də aid olacaq.

Külli miqdarda investisiya tələb edən bu tikinti işlərində istənilən xeyriyyəçi və yaxud gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil almasına biganə qalmayan vətəndaşların da töhfəsi rəğbətlə qarşılanır.

Yeni kompleksin istifadəyə verilməsi ilə gələcəkdə "Dünya" məktəbi, şagird qəbulu planını nəzərə çarpacaq dərəcədə artıracaq.

Hazırda məktəbdə təxminən 300 şagird təhsil alır.

Xatırladaq ki, Xəzər Universiteti nəzdində fəaliyyət göstərən "Dünya" məktəbi artıq 2011-2012-ci tədris ili üçün şagird qəbulu elan edib. Azərbaycan dili bölməsi üçün şagird qəbulu 1-11-ci siniflər üzrə, rus dili bölməsi üzrə isə 1-2- ci siniflər üçün aparılır.

Universitet nəzdində fəaliyyət göstərən "Dünya" məktəbi Təhsil Nazirliyinin akkreditasiyası ilə fəaliyyət göstərən ümumtəhsil məktəbidir. Fəaliyyət göstərdiyi 12 il ərzində məktəb təhsilin təkmilləşdirilməsi istiqamətində ən müasir təlim metodları və texnologiyalarının tətbiqinə əsaslanaraq, qabaqcıl təhsil təcrübəsinə inteqrasiya edilməsinə xüsusi diqqət yetirir. Məktəbdə təhsil azərbaycan və ingilis bölmələri üzrə aparılır.

Xarici dövlətlərin təhsil sisteminə inteqrasiyanın vacibliyini nəzərə alaraq, məktəbdə ən çox tədris edilən fənlərdən biri də ingilis dilidir. Şagirdlərin ingilis dilində şifahi nitqinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. "Dünya" məktəbində ingilis, rus dillərindən başqa, şagirdlərin seçimi ilə italyan və ərəb dilləri də tədris olunur. Təlim və tərbiyənin müxtəlif pillələrinə uyğun olaraq "Dünya" məktəbi dörd istiqamət üzrə fəaliyyət göstərir:

  • məktəbəqədər (3-5 yaş),
  • ibtidai (1-5-ci siniflər),
  • əsas və ya natamam orta (6-9-cu siniflər)
  • tam orta (10-11-ci siniflər)

    Bundan əlavə, 2010-2011-ci tədris ilindən "Dünya" məktəbində İB Diplom Proqramı fəaliyyət göstərir. Təlim ingilis dilindədir. Bu məktəbi bitirənlər beynəlxalq İB diplomu və eyni zamanda Azərbaycan tam orta təhsil attestatı alır. İB diplomu dünyanın hər bir ölkəsində tanınır və bu diplom sahibləri təhsillərini xarici dövlətlərin ali məktəblərində davam etdirə bilərlər. Belə ki, bu təhsil qurumlarına qəbul İB diplomu almış şagirdlər üçün imtahansız və yaxud yalnız müsahibə yolu ilə həyata keçirilir.
Xəbər lenti

Xəbər lenti