Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/
2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində yarımfinallarda iştirak edən ölkələr arasında püşkatma keçirilib.
Trend-in məlumatına görə, mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan iştirak edəcək.
Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan və Bosniya və Herseqovina iştirak edəcək.
Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.
Müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. "Eurovision" mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılıb. "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.