Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İsabalayeva/
2012-ci il üçün Gədəbəy şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Masallı şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Quba şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.
Trend-in çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xalq yaradıcılığı paytaxtlarının seçilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin, eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafıdır.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası ilə bağlı 2012-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxt" seçilmək üçün 20-yə yaxın şəhər namizədliklərini irəli sürüb. Təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib.
Məsələ ilə əlaqədar Gədəbəy, Masallı və Quba şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların, "dəyirmi masa"ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulub.