...

Berlində gənc azərbaycanlı və alman rəssamların sərgisi təşkil olunacaq

Mədəniyyət Materials 2 Noyabr 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

23 noyabr - 1 dekabr 2012-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və "Sönməz Məşəl Mədəni Əlaqələr" İctimai Birliyinin təşkilatçılığı ilə "Rənglərin dialoqu: Azərbaycan-Almaniya" adlı müştərək sərgi təşkil olunacaq.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Direktorenhaus" adlı məşhur incəsənət qalereyasında bir həftə davam edəcək sərgidə Almaniya ictimaiyyətinin görkəmli simaları, kütləvi informasiya vasitələrinin nümayəndələri, incəsənət xadimləri, ali məktəblərin rəhbərləri, müəllim və tələbələr, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri, Azərbaycanın Almaniyadakı səfiri, ARDNŞ-nin Almaniya nümayəndəliyinin rəhbəri, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisinin əməkdaşları, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) üzvləri və digər qonaqların iştirakı nəzərdə tutulub.

Sərgidə azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdiriləcək.

Sərgi çərçivəsində Azərbaycan rəssamlarının "Xarı bül-bül", "Şuşa məscidi", "Xudafərin körpüsü", "Qarabağ atları", "Neft buruqları", "Qız Qalası" və digər məzmunlu 30 rəsm əsəri sərgilənəcək.

Qeyd edək ki, sərgi ilə bağlı aparılacaq hazırlıq işləri çərçivəsində Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunacaq kataloqun çapı planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti