Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/
8 Mart Benynəlxalq Qadınlar Günü ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb.
Trend-in məlumatına görə, onlardan biri sözləri Qənirə Paşayevaya, musiqiləri əməkdar artist Elza Seyidcahana məxsus olan "HƏYATA KÜSMƏ" albomudur.
Alboma 11 mahnı daxildir. Bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır.
Mahnıları müğənni-bəstəkar Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər.
Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nın dəstəyi və təşkilatçılığı ilə işıq üzü görən albomun martın 6-da saat 14.30-da Muğam Klubunda (Qız Qalasının yanında) təqdimat mərasimi keçiriləcək.
Martın 6-də saat 18.00-da isə "Park Bulvar"da imzalanma mərasimi olacaq. Millət vəkili Qənirə Paşayeva bu albomun satışından əldə olunacaq bütün gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. Arzu edənlər təqdimat və imzalanma mərasimlərində iştirak edə bilərlər.