Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Sentyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabaddakı Olimpiya İdman Kompleksində Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif xahiş və təkliflərlə çıxış ediblər.
Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni filialların açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-diyarşünaslıq muzeylərinin yenidən qurulması, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma və digər məsələlər yer alıb.
Qəbula yazılmış vətəndaşları dinləyən nazir səslənən bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını deyib.
Əbülfəs Qarayev mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır: "Ölkə başçısının siyasəti regionlarda insanlar tərəfindən dəstəklənir. Eyni zamanda, vətəndaşlar müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edirlər. Məsələn, regionlarda tarixi abidələrin vəziyyəti insanları narahat edir, onların bərpası, mühafizəsi, tədqiq olunması ilə bağlı məsələlər qaldırılır. Bir sıra müraciətlərdə musiqi məktəblərində müəyyən ixtisaslar üzrə müəllimlərin olmaması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, tədris işinin təkmilləşdirilməsi kimi məsələlər də yer almışdı. Bu, o deməkdir ki, vətəndaşlar bölgələrdə inkişafı görərək gələcəyə nikbin baxırlar, təşəbbüslərlə çıxış edirlər, işin yeni tələblər səviyyəsində qurulmasına çalışırlar. Bu bizi sevindirir və bu təşəbbüslərə hərtərəfli dəstək verəcəyik. Müəyyən məsələlər - musiqi avadanlıqlarının, rəqs kollektivlərinin geyimlərinin çatışmaması, digər bu kimi müraciətlər dərhal həll olunacaq. Nazirlik tərəfindən lazımi dəstək verəcəyik. Lakin elə məsələlər də var ki, onların həll olunması zaman tələb edir və bununla bağlı müvafiq proqram üzərində işləyirik. Sözsüz ki, bu zaman insanların fikir və təklifləri nəzərə alınacaq".
Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin olduğunu deyərək bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib.