...

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

Mədəniyyət Materials 13 Noyabr 2013 17:29 (UTC +04:00)
20-24 noyabr 2013-cü il tarixində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib.
I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

20-24 noyabr 2013-cü il tarixində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir - Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis.

Münsiflər heyətinin sədri A.Qərib 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə səyahət edən A.Qərib milli televiziya məkanında yayımlanan "Oralar" verilişinin müəllifidir. 1news.az, Azru.tv, Yurd.tv internet səhifələrində "Azər Qəriblə saat 5-də" verilişinin aparıcı və müəllifi, eləcə də Azru.tv internet telekanalının təsisçisi və baş redaktordur. Müxtəlif illərdə "Qızıl qələm" mükafatı (2006), Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi adına mükafatı (2010) və Mədəniyyət və Turizm Nazirliyinin "Əməkdar Turizm İşçisi" fəxri adı (2013) ilə təltif olunub.

Münsiflər heyətinin üzvü A.Kammel (Avstriya) "Österreichisches" Film Yayımı şirkətinin rəhbəri və şəriki, "Film+Video" jurnalının baş redaktoru, dünyanın ən böyük avtomobil film və multimedia festivalı "AutoVision"un, Vyanada keçirilən almandilli ölkələrin "Viktoriya Qran Pri" kinofestivalının, ən mötəbər turizm film festivallarının daxil olduğu CIFFT - Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru, Kann Korporativ Media və TV mükafatları festivalının, Avstriya Korporativ Filmlər Dövlət Mükafatının təşkilatçısı, bir çox festivallarda münsiflər heyətinin üzvü, Polşa Turfilm Akademiyasının fəxri prezidenti, Los Anceles Beynəlxalq Film və Video Festivalının baş məsləhətçisi, Ali regional Apelyasiya Məhkəməsinin və Avstriya əmək məhkəməsinin hakimidir.

Münsiflər heyətinin Azərbaycanı təmsil edən digər üzvü 45-dən çox sənədli filmin rejissoru olan xalq artisti V.Babayevdir. Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Prezident təqaüdçüsü V.Babayevin filmləri müxtəlif festivallarda mükafatlara layiq görülüb. O, Vladivostok, Bakı, Alma-Ata və Kiyevdə keçirilən festivallarda münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.

Xanım L.Krstevska Makedoniya Respublikası Turizm üzrə İqtisadi Palatasının prezidenti, Makedoniya hökumətinin Milli Turizm Komitəsinin, Sahibkarlıq və İnnovasiya sahəsində Milli Şuranın İdarə Heyətinin üzvüdür. Fransanın Kann şəhərində keçirilən Tele-Media Mükafatları Kino Festivalında və Zaqreb Turfilm Festivalında münsiflər heyətinin üzvü olub.

D.Kuper (Böyük Britaniya) Readmore "Global" Beynəlxalq Layihəsinin icraçı direktoru, korporativ və sənədli filmlər üzrə prodüserdir. Korporativ media məhsullarının dünyada yayımı və yeni turizm mədəniyyətinin inkişafı üzrə ixtisaslaşıb. 70-dən artıq beynəlxalq mükafata layiq görülüb.

Münsiflər heyətinin üzvü kinorejissor C.Fərəcov onlarla sənədli filmin, "Mozalan" satirik kino jurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, "Arvadım mənim, uşaqlarım mənim" bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. Kino sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Münsiflər heyətinin yeddinci üzvü Q.Koulbanis (İsveçrə) YUNESKO-nun Ekoloji elmlər bölməsi ilə çalışır, ətraf mühit və media sahələrində Sarıçay və Yançen qoruğu, Dunay çayı və Xəzər dənizi haqqında məruzələr yazıb. 20 illik peşəkar fəaliyyəti ərzində 5 qitədə və 50-dən çox ölkədə çalışıb. Kinorejissor kimi ətraf mühit mövzusunda bir çox kino və televiziya layihələrinə rəhbərlik edib.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə isə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.

Noyabrin 20-də festivalın münsiflər heyəti üzvləri və təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə çəkdiyi "Qafqaza qayıdış" filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə ayın 23-də nəzərdə tutulur.

Proqram və münsiflər heyətinin üzvləri haqqında daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru "Garant Holding", sponsoru Nar Mobile, rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku", informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinq və Day.az saytıdır. Festivalın təşkilati işlərini "Azanfilm" studiyası həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti