...

Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 9 Dekabr 2014 15:09 (UTC +04:00)
Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək
Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Dekabrın 10-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə N.Xəzrinin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.

Qeyd edək ki, altmış ildən artıq ədəbiyyata xidmət etmiş N.Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. N.Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

N.Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycanın ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti