Azərbaycan, Bakı, 22 iyun /Trend/
YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan "Səmadan bir damla" Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Mühüm tədbir 13 iyun-5 oktyabr müddətində keçiriləcək.
YARAT-dan Trend-ə verilən məlumata göprə, festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər.
Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq.
Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.
Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır.
Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyat və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, "Səmadan bir damla" həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.
"GÖYDƏ GÖY-GÖYƏRTİ GÖYƏRDİ"(Green Grass in the Sky Turned Blue, 2015) adlı neon işıqlı bilbord layihəsinin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan reklam şüarlarının bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.
Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda (Azərbaycan) anadan olub. Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib (2012) təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Əsasən, instalyasiya texnikasında çalışır, ancaq həmçinin rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. Dünyanın müxtəlif yerlərində keçirilən bir çox qrup sərgilərində iştirak edib, o cümlədən: 16-cı Şarja İslam İncəsənət Festivalı, Şarja İncəsənət Muzeyi (Şarja, Birləşmiş Ərəb Əmirlikləri, 2014). Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb yaradır.
Media mənsublarının məlumat və şəkil müraciətləri üçün əlaqə bilgiləri:
Cəmilə Orucova / PR Meneger / [email protected]