...

Fransada Azərbaycan biznesi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 28 May 2016 17:50 (UTC +04:00)
Mayın 26-da Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib.
Fransada Azərbaycan biznesi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 26-da Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib.

Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, "Jazzus Productions", "CCI International Champagne-Ardenne" şirkətinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə əməkdaşlığı şəraitində baş tutub.

Tədbir Reyms və bu regionun 30-dan artıq şirkətinin nümayəndəsinin iştirak etdiyi dəyirmi masa arxasında mədəni əməkdaşlığın ölkənin daha da dərindən öyrənilməsindəki rolunun və iqtisadiyyata müsbət təsirinin müzakirəsi ilə başladı. Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin 2012-ci ildə Reymsdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən məşhur "Azərbaycan - Pearl of the Caucasus" (Azərbaycan - Qafqazın mirvarisi) adlı sərginin keçirilməsi haqqında məlumat verdi. Bildirdi ki, ötən il TEAS "Sunnyside Festival" kimi tanınmış və "Jazzus Productions" tərəfindən təsis edilmiş yeni caz festivalının dəstəkləməsi haqqında razılıq əldə olunb. Bu əməkdaşlığın yaratdığı ruh yüksəkliyi dəyirmi masa arxasında biznes və mədəni müzakirələrin aparılmasına səbəb oldu.

M.Gourdin qeyd etdi ki, özündə Avropa ilə Şərq dünyasını birləşdirən Azərbaycan dünyəvi bir dövlətdir və Avropa İttifaqının yaxın tərəfdaşıdır. O, TEAS-ın Fransa və Azərbaycan şəhərləri arasındakı əməkdaşlığa dəstək verdiyindən, Kolmar və Mulhouse şəhərlərində keçirilən "Azerbaijan Through the Lens" foto sərgisindən, Azərbaycan milli koloritini tərənnüm edən məhsulların Parisdəki Milad Bazarında sərgilənməsindən bəhs etdi.
Məşhur fransız bəstəkar, "Xocalı 613" musiqi əsərinin müəllifi Pyer Tilloy 2001-ci ildə Fransanın Azərbaycandakı səfirliyində mədəniyyət müşaviri kimi fəaliyyətindən, ölkəmizə mütamadi səfər etməsindən və orada gördüklərindən danışdı. O, qeyd etdi ki, Azərbaycan varlığını dərk etməyin ən optimal yolu musiqidir və o azərbaycanlıların daxili aləminin əsas komponentinə çevrilib. Tədbir iştirakçılarına 20-ci əsrin görkəmli Azərbaycan bəstəkarları haqqında məlumat verən Pyer Tilloy qeyd etdi ki, mürəkkəb mövzuların müzakirəsində musiqidən əvəzolunmaz alət kimi istifadə oluna bilər.
Onun duyğularını "Jazzus Productions" şirkətinin həmtəsisçisi və "Sunnyside Jazz Festival"ın təşkilatçısı Jean Delestrade də bölüşdü. O, həmin axşam caz ifaçısı Elçin Şirinov "Trio"sunun baş tutacağı konsertlə bağlı qeyd etdi ki, TEAS-ın təşkil etdiyi "Saint-Germain-des-Prés Paris" caz festivalında üç azərbaycanlı musiqiçisinin iştirak etməsi və "Sunnyside Jazz Festival"ındakı bu ikinci çıxış Azərbaycan cazının Avropada populyalaşdırılması üçün yeni üfüqlər açır. Əvvəl İsfar Sarabskini və Emil Afrasiyabı caz dünyasına tanıtdıran Paris festivalı indi də Elçin Şirinovu diqqət mərkəzinə gətirəcək.

Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev Heydər Əliyev Fondunun Fransada Azərbaycanın tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açdı. O, fondun Strasburq Kafedral Kilsəsində 14-cü əsrin yadigarı olan beş vitrajın, Basse-Normandie əyalətində yerləşən bir neçə kənd kilsəsinin bərpasına verdiyi töhfəsindən və Luvr muzeyində İslam bölməsinin yaradılmasında mühüm rolundan danışdı. Azərbaycanlı diplomat Fransa şəhər və əyalətlərinin Azərbaycanla əməkdaşlığının vacibliyinə də toxundu. Məlumat verdi ki, 2011-ci ildən bu günədək 11 əməkdaşlıq müqaviləsi imzalanıb. Elm sahəsində əməkdaşlıq müqaviləsi isə Gəncə və Reims Universitetləri arasında bağlanıb.

Daha sonra Azərbaycanın qeyri-neft sektorunun imkanlarına həsr olunmuş dəyirmi masa keçirildi. Vurğulandı ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirməyə, qeyri neft sektorundan asılılığını azaltmağa və Fransız şirkətləri ilə əməkdaşlığa çalışır. Yerli istehsalçıların 30-dan artıq nümayəndəsinin iştirak etdiyi bu tədbir Azərbaycanın iqtisadi imkanları, onun işgüzar abı-havası və sərmayə imkanları haqda geniş bilgilər əldə etməyə imkan verdi.

Tədbirdə iştirak edən "Partner at Dentons" şirkətinin hüquq məsləhətçisi James Hogan Azərbaycanın hüquqi və biznes sistemindən məlumatlar verdi, Azərbaycandakı stabillikdən bəhs etdi. O, Azərbaycanın və Fransanın ratifikasiya etdiyi ikiqat verginin və maliyyə fırıldaqlarının aradan qaldırılmasına yönəlmiş qanunu şərh etdi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Fransadakı nümayəndəsi Sərxan Ələkbərov Fransız sahibkarlarını Azərbaycan bazarına, öz növbəsində Azərbaycan sahibkarlarının Fransa bazarına daxil olması üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının apardığı işlərdən məlumat verdi.

Sonda "CCI International Champagne-Ardenne" şirkətinin direktoru Claude Humbert hazırda Azərbaycanda inkişaf etdirilən iqtisadi sahələrdən danışdı. O, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğuladı və gələcək əməkdaşlığın mümkünlüyünü qeyd etdi.

Tədbir "Sunnyside Jazz Festival" çərçivəsində baş tutan caz ifaçısı Elçin Şirinovun konserti ilə başa çatdı. E.Şirinov caz, blyuz, fank və digər musiqi cərəyanlarını Azərbaycan muğamı və klassik musiqisi ilə sintezini etməklə məşhurlaşıb. Onun Qara Qarayevin məşhur "Yeddi Gözəl" baletinə, "Sarı Gəlin" və "Durna" adlı populyar Azərbaycan xalq mahnılarına bəstələdiyi caz kompozisiyalar və onun şəxsi qələmindən çıxmış kompozisiyalar hər bir caz həvəskarını valeh edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti