...

YARAT Aida Mahmudovanın və Mikelancelo Pistolettonun fərdi sərgisini təqdim edir

Mədəniyyət Materials 19 Mart 2018 15:55 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı Aida Mahmudovanın “Təsəvvür edilməyən perspektivlər” (non-imagined perspectives) və italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgilərini təqdim edir.
YARAT Aida Mahmudovanın və Mikelancelo Pistolettonun fərdi sərgisini təqdim edir

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanında Aida Mahmudovanın “Təsəvvür edilməyən perspektivlər” (non-imagined perspectives) və italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgiləri keçiriləcək.

Trend-in məlumatına görə, YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.

Bu dəfə YARAT sizə öz təsisçisi, Azərbaycan rəssamı Aida Mahmudovanın yeni əsərlərindən ibarət fərdi sərgini təqdim edir.

Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Öz yeni yaradıcılığında, rəssam “eksperiment üçün alət” qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın “inkişafı”, habelə “emosional müalicə” baxımından müəyyən mənada məşğələ rolunu oynayır.

Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır. Bu proses, rəssam üçün “hər şey” deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir.

Öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, “özünü ifadə edən” materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları, seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, “son dərəcə zərif olan bu yaradıcılıq prosesi, insan əlləri ilə yaradılıb və bu baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı ifadə edir”.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

YARAT Müasir İncəsənət Məkanı italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgisini təqdim edir.

Sərginin əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən rəssamın özünəməxsus ifadə üsulu olan “Terzo Paradiso” (“Üçüncü cənnət”, 2003) adlı simvoldur. “Üçüncü cənnət” – rasional, balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması istiqamətində “həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi” kimi sosial məsuliyyəti bəyan edir.

Mikelancelo Pistoletto YARAT-da keçiriləcək fərdi sərgisi üçün yeni instalyasiyaların aparıcı qüvvəsi olaraq bu ideologiyanın tətbiqini davam etdirir. Bu instalyasiyalar, rəssamın seçilmiş erkən əsərləri ilə müəyyən dialoq kimi təqdim edilir. “Sosial məsuliyyət” anlayışı, diqqəti Pistolettonun metodologiyasına yönəldən silsilə tədris proqramları, eləcə də rəssamın orta məktəblilər üçün təsis edilmiş “Cittadellarte” Fondu, məktəblilər və gənc rəssamlar üçün seminarlar, universitet tələbləri üçün isə silsilə mühazirələr vasitəsilə daha qabarıq şəkildə ifadə edilir. Bir il ərzində keçirilən bu tədris proqramı, şagirdlərin sosial məsuliyyət və yaradıcılıq proseslərinə yanaşmasını inkişaf etdirmək və genişləndirmək məqsədilə, Azərbaycanın bütün məktəblərində azərbaycanlı müəllimlərin təlimləndirilməsi və hazırlığını nəzərdə tutur.

Pistolettonun yaradıcılığında “Üçüncü cənnət” adlı simvolu hər yerdə görmək olar. Bu simvol, üç birləşdirici halqanın təsvir edildiyi riyazi sonsuzluq işarəsinin modifikasiya olunmuş versiyasıdır. Simvolda kənar halqalar “təbiət” və “süniliyi” təmsil edir və nisbətən daha böyük halqa ilə birləşərək, “yeni bəşəriyyəti” ifadə edir. “Arte Povera” cərəyanının banisi sayılan Pistolettonun bədii yaradıcılıq təcrübəsi rəssamlıq, heykəltəraşlıq və performans kimi sahələri əhatə edir. 1960-cı ildən etibarən, güzgülü səth onun yaradıcılığında müntəzəm olaraq təkrarlanan mövzu sayılır və özünüifadə üçün məkan yaratmaqla yanaşı, rəssamın performativ sənətə marağını nümayiş etdirir.

Sərginin kuratoru Björn Geldhofdur.

GALLERIA CONTINUA-nın /San-Ciminyano / Pekin / Le-Mulen / Havana əməkdaşlığı ilə

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 1 aprel –10 iyun 2018

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar, 12:00 – 20:00.

Giriş sərbəstdir

Website: www.yarat.az

Twitter: @yaratartspace Facebook: facebook.com/Yarat.Art

Instagram: @yaratcontemporaryartspace

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Seçilmiş fərdi sərgiləri: “İşığı tuta bilmirəm” (“Can't Capture The Light”, Deweer Gallery, Otegem, Belçika, 2017), “Ötüb keçərkən” (“Passing By...”, Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (“Internal Peace”, Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində “Artwise”-nin kuratorluğu ilə “VITA VITALE” sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.

Mikelancelo Pistoletto (d.1933, Biella, İtaliya) Biellada yaşayır və fəaliyyət göstərir. 1960-cı ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, onun əsərləri beynəlxalq səviyyədə sərgilənməyə başladı. Pistolettonun əsərləri Britaniyanın “Teyt” qalereyası, San-Fransisko Müasir İncəsənət Muzeyi və Ontario İncəsənət Qalereyasının ictimai kolleksiyalarında saxlanılır.

“Arte Povera” cərəyanının aparıcı təşəbbüskarı sayılan rəssamın yaradıcılığının əsas retrospektivləri Venesiya, Madrid, Florensiya, Roma, Barselona və Filadelfiyada sərgilənib. 2003-cü ildə Venesiya Biennalesində həyat dövründə əldə etdiyi nailiyyətlərə görə “Qızıl şir” mükafatı, 2007-ci ildə isə Qüdsdə “Wolf” Fondunun mükafatına layıq görülüb. 2013-cü ildə Pistolettoya Tokioda Yaponiya İncəsənət Assosiasiyasının “İmperator mükafatı” təqdim edilib.

“Cittadellarte”, 1994-cü ildə “Arte Manifesto” proqram sənədi ilə yaradıldı. Burada Mikelancelo Pistoletto, rəssam üçün yeni bir rol təklif etdi: cəmiyyətin formalaşmasını əhatə edən insan fəaliyyətlərinin bütün sahələri ilə qarşılıqlı əlaqəsi olan sənət əsəri yaratmaq 1998-cı ildə isə, Pistoletto öz doğma şəhəri olan Biellada (Şimali İtaliya) “Cittadellarte” cəmiyyətini təsis etdi. “Cittadellarte” – yüzlərlə insanın fəal cəlb edildiyi və beynəlxalq şəbəkəyə qatıldığı dinamik, mədəni və sahibkarlıq mühitini təmin edən cəmiyyətidir. “Cittadellarte” cəmiyyətinin məqsədi, məsuliyyətli icma dəyişikliyini stimullaşdırmaq və təşkil etməkdir.. “Cittadellarte” – “Üçüncü cənnət” simvolunu reallığına çevirən, onu cəmiyyətin hər bir sektoruna və ayrı-ayrı fərdlərdən Birləşmiş Millətlər Təşkilatı kimi qlobal səviyyəli qurumlara qədər, bütün növ təşkilatlara daxil edən təcrübələrin araşdırılması, sınaqdan keçirilməsi və işlənib hazırlanmasına həsr olunmuş laboratoriya-məktəbdir. “Cittadellarte”, hal-hazırda 47 ölkədə sayı 125-ə çatan “Üçüncü cənnət” nümayəndəliklərinin daxil olduğu, öz konsepsiyalarını bölüşən, minlərlə ictimai və özəl qurumların şəbəkəsi ilə əməkdaşlıq edir.

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (Azərbaycan dilində “yaratmaq” mənasını bildirir) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (Azərbaycan dilində “tərəqqi” mənasını bildirir) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu “kəşf” etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti