...

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

Mədəniyyət Materials 9 Aprel 2019 01:34 (UTC +04:00)
Professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq.
Dünyanın ilk kino məktəbi Bakıya gəlir

Bakı. Trend:

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq.

Trend-in məlumatına görə, ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən İnstitutun 25 tələbələsi daxildir.

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi tədbir “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində həyata keçirilir.

9 aprel tarixində saat 10.30-da ADMİU-nun həyətində qonaqların rəsmi qarşılanma mərasimi olacaq. Saat 11.00-da ADMİU-nun Elmi Şura otağında tədbirin açılış mərasimi və mətbuat konfransı baş tutacaq. Açılış mərasimində həmçinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

ÜDKİ günləri çərçivəsində bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Belə ki, aprel ayının 9-da saat 19.00-da Nizami Kino Mərkəzində Rusiyanın Xalq artisti, SSRİ Dövlət Mükafatı və “Oskar” mükafatı laueratı Vladimir Valentinoviç Menşovun yaradıcılıq gecəsi baş tutacaq.

Növbəti gün – aprelin 10-da saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professoru, aktyor emalatxanasının rəhbəri, Rusiyanın Xalq artisti, Vladimir Petroviç Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi “Beş axşam” tamaşası nümayiş olunacaq.

Layihə çərçivəsində bir çox ustad dərsləri, seminarlar, treninq və məşğələlər, dəyirmi masalar, sərgilər, konsertlər, film nümayişləri və ÜDKİ-nin məzunları ilə görüşlər keçiriləcək. Bu günlərdə ADMİU-da ÜDKİ-nun kinoklubu da açılacaq.

Qonaqlar həmçinin 11 aprel saat 18.00-da ADMİU-nun tələbəsi Raulya Türkkanın hazırladığı “Səmavi” tamaşasına da baxa biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti