...

Firuzə Bəylərova Filarmoniyada “Günümüzün gəncləri” adlı konsert ilə çıxış edəcək

Mədəniyyət Materials 21 Oktyabr 2022 14:17 (UTC +04:00)
Firuzə Bəylərova Filarmoniyada “Günümüzün gəncləri” adlı konsert ilə çıxış edəcək

Bakı. Trend:

Noyabrın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Filarmoniyanın “Gənclərə dəstək” layihəsi çərçivəsində fortepiano musiqisi axşamı keçiriləcək. Respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Firuzə Bəylərova “Günümüzün gəncləri” adlı konsertdə solo konsert proqramı ilə çıxış edəcək.

Bəylərova Firuzə Rauf qızı 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2006-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasında fortepiano ixtisası üzrə Nərgiz Mansurovanın sinfinə daxil olmuşdur.

Bəylərova Firuzə musiqi məktəbində oxuyarkən istedadı, qeyri-adi ifası, çalışqanlığı, musiqiyə və musiqi ədəbiyyatına marağı ilə dərhal müəllimlərin və rəhbərliyin diqqətini cəlb etmişdir. Onun fərqləndirici xüsusiyyətlərinə məqsədyönlülük, yeni öyrənilən hər bir musiqi əsərinə maraq, həmçinin çalışqanlıq aiddir.

O, təhsilini Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun sinfində davam etdirib.

Bəylərova F.R. ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrin fəal iştirakçısı olmuşdur. O, Bolqarıstan, Türkiyə, Almaniya, İtaliya, ABŞ-da keçirilən müsabiqələrdə uğurla çıxışlar etmişdir. Uğurlu çıxışları ilə mükafatlar qazanaraq ölkəmizi təmsil edir.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəylərova Firuzə Prezident təqaüdünə layiq görülüb və adı Azərbaycanın “Qızıl Kitabı”na daxil edilib.

Bir çox diplom və mükafatlar arasında ən çox diqqət çəkənləri bunlardır:

2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Əməkdar İncəsənət Xadimi, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə “Müasir Azərbaycan musiqisinin ən yaxşı gənc ifaçısı” layihəsində bəstəkar Azər Dadaşovun yaradıcılığına həsr olunmuş 1-ci müsabiqədə II dərəcəli diploma layiq görülmüşdür. 2012-ci ildə Bolqarıstanın Drobiç-Albena şəhərində keçirilən XVII Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli pianoçular, alimlər: professor Viktor Çuçkov (sədr), professor Tamara Poddubnaya və professor Tomislav Bainov onu I dərəcəli mükafata layiq görmüşdürlər. 2012-ci ildə XVII Beynəlxalq Gənclər Musiqi Festival-Müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüşdür. 2013-cü ildə Kaliforniya ştatının San Xose şəhərində (ABŞ) keçirilən «San Jose International Piano Competition” beynəlxalq müsabiqədə Azərbaycan bayrağını qaldıraraq I dərəcəli mükafata layiq görülüb. 2015-ci ildə tanınmış dirijor, Azərbaycan Respublikasının Əməkdar Artisti Teymur Göyçayevin dirijorluğu altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri ilə birlikdə tanınmış bəstəkarların əsərlərini ifa etməklə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir.

18 iyul 2022-ci ildə Bakı Musiqi Akademiyasını bitirib və həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magist pilləsinə Azərbaycan Respublikasının Əməkdar artisti, professor Elnarə Kəbirlinskayanın sinfinə qəbul olunmuşdur.

Konsertdə İ.S.Bax - Ave Maria, S.Raxmaninov - Elegiya, F.Şopen – Ekspromnt-fantaziya, F.Şopen - Etüd №5, F.Şopen – Etüd №14, F.Şopen – Noktürn №20, F.List – “Sevgi xəyalları”, V.Mustafazadə - "Mart”, T.Quliyev – “Qaytağı” və s.əsərlər səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti