Bakı. Trend:
Dünya klassik musiqisinin şedevri, Azərbaycan bəstəkarı Arif Məlikovun (1933-2019-cu illər) "Məhəbbət əfsanəsi" baleti 60 ildən çox müddət keçdikdən sonra müəllifin vətənində təntənəli şəkildə nümayiş olunub.
Trend bu barədə Day.az-a istinadən xəbər verir.
Azərbaycanın mədəni həyatında bu möhtəşəm hadisə Heydər Əliyev Sarayının səhnəsində Milli Musiqi Günündə, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı açılış mərasimində baş verib.
Balet sənətinin həvəskarları görkəmli bəstəkarın əsəri - bütün dünyanı fəth edən baleti - ilə görüşü səbirsizliklə gözləyirdi. "Məhəbbət əfsanəsi"nin nümayişi Milli Musiqi Günündə izləyici auditoriyası üçün ən parlaq və ən yaxşı hədiyyə oldu.
Çoxdan gözlənilən nümayiş başlamazdan əvvəl tədbirin qonaqları böyük maraqla müxtəlif illərdə dünyanın nüfuzlu teatr səhnələrində qoyulan tamaşanın afişalarını izləyirdi. Qonaqlar, həmçinin, Arif Məlikovun fotolarının olduğu, onun yaradıcılıq yolunu əks etdirən bannerlə tanış ola bildilər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor məsələləri, multikulturalizm və din məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, dövlət və ictimaiyyət xadimləri, mədəniyyət və elm, yaradıcı ziyalılar və gənclərin, diplomatik missiyaların nümayəndələri də iştirak ediblər.
Baletin nümayişi təkcə yerli auditoriyada maraq doğurmadı, dünyanın müxtəlif ölkələrindən çox sayda qonaqlar "Məhəbbət əfsanəsi"ni izləməyə gəlmişdi. Onların arasında İtaliyanın ən böyük və tanınmış konsert platformalarından biri olan "Arena di Verona"nın bədii rəhbəri Stefano Trespidi, dünya şöhrətli "FAZIOLI" fortepiano fabrikinin təsisçisi Paolo Fasioli, tanınmış balet artisti, Rusiyanın Xalq artisti Nikolay Siskaridze (Rusiyada "Bolşoy" Teatr səhnəsində "Məhəbbət əfsanəsi"ndə Fərhadın rolunun ifaçılarından biri olub) də var idi.
Baletin nümayişindən əvvəl səhnəyə SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış pianoçu, bəstəkar Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Azərbaycanın Xalq artisti Yusif Eyvazov səhnəyə dəvət olundu.
Fərhad Bədəlbəyli çıxışında mədəni ictimaiyyətin "Məhəbbət əfsanəsi"ni Azərbaycan dilində nümayişini çoxdan gözlədiyini vurğulayıb.
"Arif Məlikov bu baletin Azərbaycanda nümayiş olunmasını arzulayırdı. Nəhayət bu baş verdi, biz bu şedevri Azərbaycan səhnəsində Milli Musiqi Günündə görəcəyik. Buna görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Baletin nümayişi Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı üçün də parlaq hədiyyədir. Böyük iş görüldü, bütün truppa bu premyeranı bizə hədiyyə etmək üçün gecə-gündüz çalışdı", - Fərhad Bədəlbəyli deyib.
Yusif Eyvazov da öz növbəsində izləyici zalında çox sayda xarici qonaqların olduğunu qeyd edib.
Baletdən danışan Azərbaycanın Xalq artisti vurğulayıb ki, "Məhəbbət əfsanəsi" - Arif Məlikovun ecazkar musiqisi, dahi Yuri Qriqoroviçin heyrətamiz xoreoqrafiyası və tanınmış rəssam Simon Virsaladzenin möhtəşəm tərtibatıdır. Balet dünya incəsənət xəzinəsinə daxildir və indiyədək milyonları fəth etməyə davam edir.
Daha sonra pərdə qalxdı və izləyicilər həyəcanla baletin süjetini izləməyə başladı. "Məhəbbət əfsanəsi" o qədər cəlbedici, füsunkar təsirə malikdir ki, izləyicilər hərfiyyən gözlərini səhnədən çəkə bilmədilər. Musiqi, xoreoqrafiyia, süjet xətti, dekorasiyalar, kostyumlar və şübhəsiz, zərif hərəkətlər, hərarətli sıçrayışlar, balet artistlərinin inanılmaz xarizması tamaşanı çox möhtəşəm etdi.
Tarixi nümayiş üçün Heydər Əliyev Fondu rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, eləcə də, dekorasiya və rekvizit hazırlayıb.
"Məhəbbət əfsanəsi" tamaşasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri, eləcə də, xarici teatrlardan dəvət olunmuş solistlər iştirak ediblər.
Şahzadə Məhmənə Banunun rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laueratı Ayan Eyvazova, Fərhad rolunu Rusiyanın "Bolşoy" Teatrının premyeri, beynəlxalq balet müsabiqələrinin laueratı Denis Rodkin, Şirin rolunu isə "Bolşoy" Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.
Musiqi Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirildi.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında təqdim olunub. Bakıda nümayiş olunan premyera tamaşasının quruluşçu baletmeysterləri Yuri Qriqoroviçin assistentləri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Əməkdar artist Ruslan Pronin və Oksana Svetniskaya - olub.
Antraktlarda izləyicilər böyük məmnuniyyətlə təəssüratlarını bölüşərək bəstəkarın musiqisinin onları necə valeh etdiyindən, balet artistlərinin xoreoqrafiyasının nə qədər incə, hərəkətlərinin necə zərif və rəvan olduğundan danışıblar.
Tədbirin fəxri qonaqları arasında Rusiyanın Xalq artisti, tanınmış balet artisti Nikolay Siskaridze də var idi. Siskaridze Rusiyada "Bolşoy" Teatr səhnəsində "Məhəbbət Əfsanəsi" tamaşasında Fərhad rolunun ifaçılarından biri olub.
"Mən Rusiyada "Bolşoy" Teatr səhnəsində bu tamaşanın əsas ifaçılarından biri olmuşam. "Məhəbbət Əfsanəsi" baletində rol almaq mümkünsüz idi - bir tərəfdən, bu çox virtuoz tamaşadır, digər tərəfdən isə yalnız əsas ulduzların çıxış etdiyi tamaşadır. Çox gənc yaşımda mənə bu rol hazırlamaq həvalə olunduqda bu mənim üçün böyük bir təqdir oldu. Bəxtim gətirdi ki, bu rolu bir neçə dəfə təkcə xoreoqrafın deyil, həm də bəstəkarın yanında ifa etməyə nail oldum.
Bakıya unikal bəstəkar Arif Məlikova olan sevgimə görə gəldim. Hesab edirəm ki, bu, dünya musiqi mədəniyyətində balet üçün yazılmış ən böyük partiturlardan biridir. Şadam ki, tamaşa Bakıda, müəllifin vətənində nümayiş olunub. Əslində, mən də tamaşanın Azərbaycanda nümayiş olunmasını uzun müddət gözləmişəm. Arif Məlikov mənə deyirdi ki, mən orada rəqs edəcəyəm. Təəssüf ki, bu baş vermədi... Lakin bu gün tamaşada mənim tələbəm rəqs edir və bu da çox xoşdur, beləliklə mənim də bir parçam səhnəyə çıxır. Ümidvaram ki, Arif Məlikovun ruhu indi şaddır", - Siskaridze deyib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min media nümayəndələri ilə söhbətində baletə heyran qaldığını bildirib.
"Mənim üçün premyera nümayişində iştirak etmək, bu ecazkar baletdən zövq almaq böyük şərəfdir. "Məhəbbət əfsanəsi"nin Bakıda nümayişi böyük hadisədir və nümayişdə iştirak edən izləyicilər şanslıdır. Azərbaycan zəngin mədəniyyətə malik ölkədir. Çox ümid edirik ki, bu balet Çin dilində izləyicilərə nümayiş olunacaq", - səfir deyib.
Azərbaycan övlət Akademik Opera və Balet Teatrının direktoru, Azərbaycanın Xalq artisti və dünya şöhrətli opera müğənnisi Yusif Eyvazov qeyd edib ki, 18 sentyabr bir neçə əlamətdar tarixi - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum gününü - Milli Musiqi Gününü və 60 ildən çox müddət keçdikdən sonra yenidən Azərbaycan səhnəsində nümayiş olunan "Məhəbbət əfsanəsi" baletinin premyerasını - özündə birləşdirir.
"Bu, hamımız üçün tarixi, həyəcanlandırıcı və çox xoşbəxt gündür. Buna görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimizə və incəsənətimizə böyük diqqət və qayğı ilə yanaşır, mədəniyyət sahəsində çox vacib və mühüm layihələr həyata keçirilir", - deyə Yusif Eyvazov vurğulayıb.
Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova premyera nümayişini böyük bayram adlandırıb.
Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun sözlərinə görə, izləyicilərin Arif Məlikovun şedevrini yüksək keyfiyyətli ifada görməsi çox xoşdur.
Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Nailə Məmmədzadə Bakıda baletin nümayişini böyük hadisə adlandırıb.
Azərbaycanlı bəstəkar və pianoçu Kəmalə Əlizadə Arif Məlikovun tələbəsidir. Onun sözlərinə görə, "Məhəbbət əfsanəsi" əbədi yaşayacaq əsərdir.
Petrozavodksdan (Kareliya Respublikası, Rusiya) Nadejda Rovenko Azərbaycana ilk dəfə gəlib və doğum gününüdə baletin nümayişini izləməyə qərar verib.
Baletin nümayişi izləyicilərin gur alqışları və "Bravo!" qışqırıqları ilə qarşılandı. İzləyicilər uzun müddət artistləri səhnədən getməyə qoymadılar və heyranedici gecəyə görə minnətdarlıqlarını uzun alqışlarla bildirdilər. Tamaşadan sonra izləyicilər hələ uzun müddət baleti müzakirə etdilər, kimi artistlərin ustalığı və plastikasına məftun olmuşdu, digərləri musiqinin yaratdığı emosiyaları təsvir etməyə çalışırdı, kimi isə kostyum və dekorasiyalara heyran qalmışdı. Lakin hamısı bir fikirdə həmrəy idi ki, "Məhəbbət əfsanəsi" əsl şedevrdir.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. 1962-ci ilin iyulunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində əsərin premyerası keçirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)