...

Piter Semnebi: Azərbaycan Şərq ilə Qərb arasında bir körpüyə çevrilib

Gündəm Materials 15 Mart 2018 13:38 (UTC +04:00)
Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib.
Piter Semnebi: Azərbaycan Şərq ilə Qərb arasında bir körpüyə çevrilib

Bakı. Elçin Mehdiyev – Trend:

Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi deyib.

O qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə mühüm rol oynayır və Şərq ilə Qərb arasında bir körpüyə çevrilib:

“Ölkə üçün bunun böyük əhəmiyyəti var. Mən hər dəfə məmnuniyyətlə bu forumda iştirak etmək üçün Azərbaycana gəlirəm və çox şadam ki, belə bir platforma mövcuddur”.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti