...

Kiyevdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

Gündəm Materials 23 Sentyabr 2020 11:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Kiyevdə anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko, Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen, Ukraynanın Veteranlarla İş üzrə nazirin müavini Aleksey İllyaşenko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, Ali Radanın deputatları, diplomatik korpusun nümayəndələri, Azərbaycanın diaspor təşkilatlarının təmsilçiləri, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən fotosərgiyə baxış keçirilib. Konfransın moderatoru Yaroslav Bojko tədbiri açaraq məlumat verib ki, Əhmədiyyə Cəbrayılovun doğum günündə onun işığına yığışmaq, xatirəsini anmaq, Ukrayna cəmiyyətini məlumatlandırmaq olduqca önəmlidir.

İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi bütün dünyada təntənəli şəkildə qeyd edilir. Səfir bildirib ki, İkinci Dünya müharibəsində 640 min azərbaycanlı döyüşüb, onlardan 350 mindən artığı geri dönməyib.

“Çox təəssüf ki, o illərdən 75 il ötməsinə baxmayaraq, Ermənistanın faşist ideologiyasına görə Azərbaycan torpağında yenə də qan tökülür, insanlar ölür. Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən hələ də işğal altında saxlanılır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxışı zamanı bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır”, - deyə səfir çıxışında bildirib.

Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen çıxış edərək Əhmədiyyə Cəbrayılovun Fransadakı qəhrəmanlığı haqqında geniş məlumat verib. Səfir bildirib ki, əfsanəvi döyüşçü Fransa Müqavimət Hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin ən yüksək orden və medalları ilə təltif edilmiş Əhmədiyyə Cəbrayılovun, eyni zamanda, müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Daha sonra konfrans iştirakçıları Əhmədiyyə Cəbrayılovun keçdiyi həyat və döyüş yolu barədə qısametrajlı filmə baxıblar.

Filmdən sonra Aleksandr Merejko, Aleksey İllyaşenko, Valeri Kopeyka, Ukrayna hərbçisi, soydaşımız Vidadi İsrafilov, Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev əfsanəvi döyüşçü haqqında çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin tanınmış Azərbaycan kinodramaturqu Ramiz Fətəliyevin ssenarisi əsasında Əhmədiyyə Cəbrayılov haqqında Ukrayna və rus dillərində yazılmış kitabın təqdimatı da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti