...

Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi

Gündəm Materials 4 Dekabr 2020 11:27 (UTC +04:00)
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi

Bakı. İlhamə İsabalayeva - Trend:

Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir.

Trend-in məlumatına görə, bunu II Qarabağ müharibəsində iştirak edən, Cəbrayılın işğaldan azad edilməsində xüsusi xidmətləri olan qazi Fərid Bağırlı deyib.

Xüsusi təyinatlı hərbçi kimi çalışan 28 yaşlı F.Bağırlı Hadrut uğrunda aparılan döyüşlərdə yaralanıb:

"Cəbrayılın kəndlərini işğaldan azad edərkən birinci eşalonu götürdükdən sonra ikinci eşalonu götürməyimiz gecə saatlarına təsadüf etdi. Gecə bir qrup arxadan manevr edərək həmin postlara daxil olduq. Onları orada məhv edərək irəliləməyə başladıq. Cəbrayıl rayonunu aldıqdan sonra Hadrut istiqamətinə doğru hərəkət etdik. Həmin yol yüksəklik idi. Orada pusquya düşərək yaralandım. Təəssüf edirəm ki, bu şanlı mübarizədə axırıncı günə qədər döyüş yoldaşlarımızın yanında ola bilmədim".

Müharibədə olarkən qız övladı dünyaya gələn F.Bağırlı onu iki ay sonra görüb: "Mən özüm də 1992-ci ildə müharibə dövründə dünyaya gəlmişəm. Körpəm də müharibə dövründə dünyaya gəlib".

Atasını müharibədən bir neçə gün əvvəl itirən F.Bağırlı onun da olduqca vətənpərvər olduğunu söyləyib:

"O da hər zaman Vətən, torpaq deyirdi. Mən xüsusi təyinatlı kimi çalışmağa başlayanda da atam bilirdi ki, mən bunu Vətənə görə edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti