Bakı. Elçin Mehdiyev – Trend:
Erməni quldurları tərəfindən törədilən Malıbəyli və Quşçular qətliamı Azərbaycan xalqına qarşı edilən ən qanlı cinayətlərdən biridir.
Bunu Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, bu qanlı cinayət nəticəsində 50-ə yaxın dinc azərbaycanlı erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib.
“Təəssüf ki, erməni cinayətkarlığı, erməni qəsbkarlığı bununla bitməyib. O zaman Şuşa şəhərinin mühasirəyə alınması, mülki vətəndaşlara, mülki obyektlərə qarşı törədilən terror hadisələri zəncirvari şəkildə davam edirdi. 1991-ci ildə mühasirədə olduğu üçün Şuşaya gediş-gəliş yalnız vertolyot ilə mümkün idi və Şuşaya uçan sonuncu vertolyot isə yanvarın 28-də ermənilər tərəfindən vuruldu.
Hava nəqliyyatının dayandırılması Şuşanın Malıbəyli və Quşçular kəndlərini də ağır vəziyyətdə qoymuşdu. Beləliklə, 1992-ci il fevral ayının 10-u gecə yarısı erməni silahlı quldurları kəndlərə hücum etdilər və orada olan insanlara qarşı qətliam törətdilər.
Biz bu soyqırımı, Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş qətliamı haç zaman unutmuruq, unutmayacağıq. Artıq torpaqlarımız işğaldan azad edilib və biz həmin insanlarını ruhunu daim yad etməliyik, onları xalqımızın qırılmaz ruhunun nümunəsi kimi təqdim etməliyik. 44 günlük Vətən müharibəsində qələbə ilə 30 ildən sonra tarixi ədalət bərpa olundu, qətlə yetirilən o günahsız insanların qanı yerdə qalmadı”, - deyə T.Gəncəliyev əlavə edib.
AMEA. A.A.Bakıxanov adına Tarix institutunun “Qarabağ tarixi” şöbəsinin aparıcı elmi işçisi Ədalət Mustafayev isə Trend-ə açıqlamasında bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Malıbəyli və Quşçular kəndlərinin işğalı, əhalisinin qətliama məruz qalmasından artıq 30 il ötür.
“Erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 10-da Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlər qətlə yetirilib. İşğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi soyqırım və təcavüzə məruz qalmış, eləcə də köçkün düşmüşlər.
Qeyd etmək lazımdır ki, nəticədə 1992-ci il fevralın 10-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olundu. Bu hadisələr zamanı, ümumilikdə 100-dən çox azərbaycanlı yaralanmış və ya əsir götürülmüşdü, 50-dək azərbaycanlı qətl edilmişdir.
2020-ci il 27sentyabrda Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun “Dəmir Yumruq” adı altında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Azərbaycanın pozulmuş hüquqları bərpa olundu”, - deyə o bildirib.