...

Vergiləri ödəməkdən yayınan şəxs barədə “ev dustaqlığı” qətimkan tədbiri seçilib

Gündəm Materials 21 Fevral 2022 19:48 (UTC +04:00)
Vergiləri ödəməkdən yayınan şəxs barədə “ev dustaqlığı” qətimkan tədbiri seçilib

Bakı. Trend:

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin müşahidə şurasının sədri Orucov Rəsul Qardaşxan oğlunun cinayət işi üzrə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Trend-in məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələyə aydınlıq gətirərək bildirir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 12.04.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Orucov Rəsul Qardaşxan oğlu istintaqa gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq istintaqa təhvil verilib. Rəsul Orucov həmin müəsssisə üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilib.

Yasamal rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Kütləvi informasiya vasitələrindən istintaq olunan cinayət işləri üzrə məlumat yayarkən qurumun mövqeyinin dəqiqləşdirilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti