Bakı. Trend:
Azərbaycan xalqının gənc nümayəndələri hər zaman fəal olub, tarixən baş vermiş proseslərin önündə gediblər. Məhz onların qurduğu dövlətlər öz qüdrəti və əzəməti ilə dünya tarixində dərin iz qoyub. Hətta təcavüzkarlara qarşı mübarizədə, milli azadlıq mücadilələrində, milli dirçəlişimizdə nümayiş etdirdikləri rəşadətlə yeni-yeni nəsillərə örnək olublar. Hər səhifəsi qəhrəmanlıq dastanı olan şanlı tariximizi vərəqlədikcə gənclərimizin mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə də yaradıcılığına heyran qalmamaq mümkün deyil. Onlar bilik və bacarığı, parlaq istedadı ilə bu sahənin zənginləşməsinə, xalqımızın maariflənməsinə əvəzsiz töhfələr veriblər. Onların ideyaları, yaradıcılığı xalqımızın milli sərvəti kimi daim qorunur və növbəti nəsillərə ötürülür.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, sovet hakimiyyəti illərində də Azərbaycan
gəncləri öz fəallığı ilə seçilib, milli kimliyimizin qorunmasında,
müstəqillik ideyalarının yaşamasında səylə çalışıblar: “Rejimin
sərtliyi, göstərilən təzyiqlər və qanlı repressiyalar onları
qorxuda bilməyib. Azərbaycan gəncləri daha bir qəhrəmanlıq
dastanını 1941-1945-ci illər müharibəsində yazdılar. Nümayiş
etdirdikləri şücaətlə Alman faşizmi üzərində qələbədə böyük pay
sahibi oldular. Heç də təsadüfü deyil ki, 130 azərbaycanlı gənc
Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Onlar döyüş rəşadəti
ilə əsl qəhrəmanlıq nümunəsi oludular. Sovet hakimiyyəti illərində
Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev fəaliyyətinin
hər bir məqamında gənclərin yanında oldu, onlara hər cür dəstəyi
verdi. Məhz onun dövründə gənclərimiz ittifaqın ən nüfuzlu ali
təhsil müəssisələrinə göndərilir, peşəkar kadr və yüksək ixtisaslı
mütəxəssis kimi yetişmələri üçün bütün şərait yaradılırdı. Həmçinin
kadr siyasətində gənclərə üstünlük verilir, yüksək vəzifələrə irəli
çəkilirdilər”.
“Dövlətimizin müstəqilliyinin bərpasında, Birinci Qarabağ
müharibəsində gənclərin misilsiz xidmətlərini saymaqla qurtaramaq
olmaz. Bir onu demək kifayətdir ki, bu yolda şəhidlərimizin böyük
əksəriyyətini gənclər təşkil edirdi. Onlar dövlətimizi, Vətənimizi
hər şeydən uca tutdular, bu yolda canlarından belə keçməyə hazır
oldular. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan
çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin
qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə
apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi
lider gənclər siyasətini prioritet istiqamətə çevrdi. Onun
gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin
ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına
geniş imkanlar açdı. Onların yüksək səviyyədə təhsil almaları üçün
normal şərait yaradıldı, xarici ölkələrin ali təhsil müəssisələrinə
tələbələrin göndərilməsinə başlanıldı. Məhz bu siyasətin nəticəsi
olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın
ölkəsində 160-a qədər müxtəlif ixtisas üzrə 3000-dən artıq
azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev istedadlı gəncləri
xüsusilə diqqətdə saxlayıdı, onların hərtərəfli inkişafına hər cür
dəstəyi verirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə
Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının
keçirilməsi, fevralın 2-si tarixinin Azərbaycanda Gənclər Günü elan
edilməsi onların cəmiyyətdə rolunun və nüfuzunun artmasında,
ölkəmizin inkişafında iştirakının və məsuliyyətinin yüksəlməsində,
ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında
əhəmiyyətli rol oynadı”, - AHİK sədri bildirib.
“Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini yüksək peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev onların potensialının gerçəkləşməsi, vətənpərvər ruhda böyüməsi, bilikli və bacarıqlı kadr kimi formalaşması istiqamətində əhəmiyyətli işlər gördü. Məhz cənab İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu. Ulu Öndərin siyasətinin davamı olaraq dövlətimizin başçısı cənab İlham Əliyev də gənclərin təhsil məsələsini prioritet hesab edir, onların qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi üçün ardıcıl sərəncamlar verir. Bu sahədə icra olunmuş dövlət proqramları nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində 2000 nəfərədək gəncimiz xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir”, - Milli Məclisin deputatı deyib.
AHİK sədri bildirib ki, 2020-ci ildə qəhrəman Azərbaycan gəncləri dünyanın hərb tarixində yeni səhifə açdı, Vətənə, torpağa olan sonsuz sevgiləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldular: “Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruğa dönərək tarixi missiyanı uğurla tamamladılar, xalq və Vətən qarısında borclarını şərəflə yerinə yetirdilər. Vətən müharibəsi bir daha təsdiqlədi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyindədirlər. Bu misilsiz xidmətlərinə görə, biz igid oğul və qızlarımıza hər zaman minnətdarıq. İnanırıq ki, gələcək nəsillər də bugünkü gənclərimizdən nümunə götürəcək, Vətənimizi ləyaqətlə qoruyacaqlar”.
S.Möhbalıyev əlavə edib ki, səlahiyyətləri daxilində Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Biz də onların həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, təşkilatın gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər”.