Bakı. Trend:
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov vaxtından əvvəl doğulan körpələrlə bağlı sualları cavablandırıb.
- Rüstəm müəllim, ilk öncə bilmək istərdik ki, hansı körpələr vaxtından əvvəl doğulmuş hesab olunur?
- Vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 %-ni təşkil edir.
- Ölkəmizdə bununla bağlı hansı tədbirlər aparılır?
- Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22
həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa
aid edilir.
Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən
yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət
proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl
doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi
irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın
möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr
potensialı artırılır.
Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl
doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu
xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn,
müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların
aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və
s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün
əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması,
həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan,
tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna
nümunədir.
- Gələcəkdə bu uşaqlar hansı tibbi problemlərlə qarşılaşırlar?
- Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti
orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların
yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin
vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar,
şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə
birbaşa bağlıdır.
Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə
ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər
displaziyasının inkişafına səbəb olur.
Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq
sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının
yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə
uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə
bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata
keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin
səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan
vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl
doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana
bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan
toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül
formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu
müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır.
Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə
tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi
geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların
ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya
müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl
doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq,
psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında
olmalıdırlar.
- Vaxtından əvvəl doğuşların qarşısını almaq üçün nə etmək olar?
- Əlbəttə, müvafiq tədbirləri həyata keçirməklə bu cür
doğuşların sayını azaltmaq mümkündür. Belə ki, qız uşaqlarının
sağlam fiziki inkişafına, yeniyetməlik dövründəki xüsusiyyətlərinə
diqqət yetirilməlidir. Onların inkişaf mərhələlərində rastlaşdığı
səhhəti ilə bağlı, qarşısı alınmalı, profilaktik tədbirlər həyata
keçirilməlidir. Hamiləlik dövründə ilk həftələrdən qadının həkim
nəzarətində olması, mütəmadi lazım olan müayinələrdən keçməsi
vacibdir. Erkən doğum riski yarandığı halda dölün mühafizəsi üçün
bəzi profilaktik tədbirlər aparılmalıdır.
Hamiləlik müddətində qadına tətbiq olunmuş profilaktik tədbirlər,
məsələn dölün ağciyərlərinin yetkinliyi (RDS profilaktika) üçün
hormonal terapiyanın təyin olunması, qanın mənfi rezus faktoru ilə
bağlı immunokonfliktin qarşısını alan dərman preparatlarının
verilməsi və s. vaxtından əvvəl doğulmuş körpənin bəzi
problemlərinin qarşısını almaqda kömək olur.
- Vaxtından əvvəl doğulmuşların sağlamlığına aid son illər ərzində tibb elminin hansı nailiyyətlərini qeyd edə bilərsiniz?
- Bu istiqamətdə ölkəmizdə mütəmadi olaraq işlər aparılır.
Postsovet məkanında vaxtından əvvəl doğulmuşların mərkəzi sinir
sisteminin xüsusiyyətlərini öyrənmək üçün elektroensegfaloqrafiya
(EEQ) müayinəsi respublikamızda ilk olaraq Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunub.
Qeyd etmək lazımdır ki, EEQ müayinəsi tək beyin zədələnmələrini
deyil, beyin qabığının differensiyasiyası əsasında hələ kliniki
əlamətlər meydana çıxmamış beynin yetkinlik dərəcəsini
qiymətləndirməyə, körpənin gələcək inkişafını proqnozlaşdırmağa
imkan verir.
Son illərdə isə neonatal skrininqlər (ürəyin EXO KQ müayinəsi,
gözün ROP müayinəsi, eşitmənin təyini, genetik neonatal skrininq)
tətbiq olunub. Məqsəd kliniki əlamətlərdən əvvəl xəstəliklərin
təyin edilməsidir. Vaxtında görülən tədbirlər gələcək sağlamlığın
zaminidir.