Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubiley tədbirlərində iştirak edən italiyalı qonağın səfərdən sonra qələmə aldığı məqalə nüfuzlu Toskana jurnalında dərc edilib.
Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, məqalədə Bakı və Florensiya arasında uzun illərdir formalaşan akademik və mədəni əməkdaşlıq, sülh və mədəniyyətlərarası dialoq kontekstində təqdim olunub.
Luca Chiarello tərəfindən yazılan “Firenze e Baku unite nella costruzione dell’Industria della Pace” adlı məqalədə vurğulanır ki, mədəniyyətlərarası dialoq təkcə simvolik tədbirlərlə deyil, uzunmüddətli tərəfdaşlıq, qarşılıqlı etimad və konkret layihələr vasitəsilə formalaşır. Müəllif qeyd edir ki, bu baxımdan AzMİU Bakı–Florensiya əməkdaşlığının əsas akademik və institusional mərkəzlərindən birinə çevrilib.
Məqalədə bildirilir ki, Palazzo Coppini, Fondazione Romualdo Del Bianco – Life Beyond Tourism təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində Bakı “Sülh sənayesinin qurulması” ideyasının mühüm beynəlxalq platformalarından biri kimi çıxış edir. Xüsusilə müharibəni simvolizə edən metalın sülh rəmzinə çevrilməsi ideyasını daşıyan “Stupore 1945–2025” layihəsinin ilk beynəlxalq təqdimatı üçün Bakının və AzMİU-nun seçilməsi təsadüfi deyil.
Yazıda Bakı ilə əməkdaşlığın tarixi köklərinə də toxunulur. Qeyd edilir ki, 2000-ci illərin əvvəllərində Florensiyada Palazzo Vecchio-da keçirilən görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə tanışlıq baş tutub və bu tanışlıq sonradan 25 ildən artıq davam edən etibarlı və strateji tərəfdaşlığa çevrilib. Bu əməkdaşlıq mədəni irsin dialoq məkanı kimi qəbul edilməsinə əsaslanan ortaq baxış üzərində qurulub.
Məqalədə AzMİU-nun 50 illik yubileyi münasibətilə keçirilən tədbirlər xüsusi vurğulanır. Bildirilir ki, Fondazione Romualdo Del Bianco bu yubileyə dəvət olunmuş yeganə İtaliya institusiyası olub və yüksək səviyyəli dövlət və ictimai nümayəndələrin iştirak etdiyi tədbirlər AzMİU-nun regional və beynəlxalq miqyasda nüfuzunu bir daha təsdiqləyib. Müəllif universiteti Qafqaz regionunda akademik və mədəni şəbəkələrin formalaşmasında mühüm aktor kimi dəyərləndirir.
Məqalədə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rolu ayrıca qeyd olunur. Onun liderliyinin Bakı və Florensiya arasında qurulan əməkdaşlığın əsas sütunlarından biri olduğu, universitetin isə yalnız akademik tərəfdaş deyil, dəyərlərə əsaslanan dialoqu praktik şəkildə həyata keçirən institusional mərkəz kimi çıxış etdiyi vurğulanır.
Yazıda Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhərin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi də geniş şəkildə işıqlandırılır. Müəllif İçərişəhəri mədəni irsin qorunması ilə sülh ideyalarının birləşdiyi canlı məkan kimi təqdim edir və AzMİU-nun bu proseslərdə elmi-intellektual dəstəyini xüsusi qeyd edir. UNESCO-nun “Heritage for Building Peace” çağırışının məhz bu əməkdaşlıq kontekstində real məzmun qazandığı vurğulanır.
Məqalədə həmçinin AzMİU ilə əlaqəli olaraq Florensiya, Şəki, Gəncə və Şuşanı əhatə edən mədəni təşəbbüslər, sərgilər, elmi tədbirlər və “Danışan məkanlar” (Luoghi Parlanti) platformasında Azərbaycanın yer alması qeyd edilir. Bu təşəbbüslər universitetlərarası əməkdaşlığın mədəni diplomatiya müstəvisinə keçidinin nümunəsi kimi dəyərləndirilir.
İtaliya nəşrində dərc olunan məqalə AzMİU-nun 50 illik yubileyinin yalnız bir tarix deyil, universitetin beynəlxalq elmi, mədəni və humanist dəyərlər üzərində qurulmuş fəaliyyətinin təqdimatı olduğunu göstərir. Məqalədə Bakı–Florensiya əlaqələri sülhə, dialoqa və ortaq gələcəyə xidmət edən mədəni körpü kimi xarakterizə olunur.
