...

Bakıda daha bir silahlı basqın olub, bir nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə Materials 10 Noyabr 2007 14:15 (UTC +04:00)
Bakıda daha bir silahlı basqın olub, bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ötən gecə Bakının Sabunçu rayonundakı yaşayış evlərindən birinə silahlı maskalılar basqın edib.Silahlıların basqınında ev sahibi, 73 yaşlı Əli Əliyev qətlə yetirilib. Sabunçi rayon prokurorluğundan Trend ə bildirilib ki, ev sakinlərindən Rübabə Quliyeva və Rövşən Quliyev ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Rövşən böyrəyindən yaralanıb. Hazırda hər iki yaralı xəstəxənadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, saat 01.40 radələrində maska geyinmiş bir qrup şəxs (5-6 nəfər), qarət məqsədilə, Sabunçu qəsəbəsi Şərifov küçəsi 50 ünvanında yaşayan Əli Abbas oğlunun evinə girib. Hadisə yerinə gəlmiş qonşular cinayətkarlardan birinə - Rəcəb Vəliyevə kəsici-deşici alətlə xəsarət yetirərək,onu saxlayıblar. Vəliyev xəstəxanaya yerləşdirilib. Hadisə yerindən bir ədəd tapança götürülüb. Cinayətkar qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir.Faktla bağlı quldurluq, qəsdən adam öldürmə, qəsdən ağır xəsarət yetirmə, qanunsuz silah gəzdirmə maddələri ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində cinayət işi açılıb.

Bu, son bir ayda resbublikada beşinci, Bakıda isə üçüncü hadisədir.

Bir müddət əvvəl, Gəncədə "Azərpoçt"un Gəncə Filialına, "Masallı" Mebel fabrikinin Gəncədəki filialına naməlum şəxslər basqın ediblər.

Oktyabrın 19-da isə beş maskalı şəxs "ABU-Petrol" şirkətinin Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, məntəqənin işçilərinə xəsarət yetirib, onların mobil telefonlarını və məntəqəyə məxsus 1300 manat pulu aparıblar.

Oktyabrın 30-dan 31-nə keçən gecə, saat 23 radələrində Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib .

Həmin basqınları törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Daxili işlər nazirliyi son günlər Bakıda və respublikanın bəzi bölgələrində baş vermiş bir sıra ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən və şübhəli bilinən Kamran Əsədov, Bəxtiyar Orucov və Fərid Cabbarov barəsində axtarış elan edib.

Xəbər lenti

Xəbər lenti