...

Azərbaycan paytaxtında evləri sökülən sakinlər etiraz aksiyası keçiriblər

Hadisə Materials 27 İyun 2008 12:53 (UTC +04:00)
Azərbaycan paytaxtında evləri sökülən sakinlər etiraz aksiyası keçiriblər

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın paytaxtında evləri sökülən sakinlər bu gün etiraz aksiyası keçiriblər. Trend -un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Yasamal rayonunun Şəfayət Mehdiyeva 546 ünvanda (Landau küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişdiyi yer) yerləşən 5 mərtəbəli olan 5 binanın sökülməsinə etiraz olaraq sakinlər yolu kəsməyə cəhd ediblər.

Trend -un arayışı: Fövqəladə Hallar Nazirliyi həmin ünvanda yerləşən binaların qəzalı vəziyyətdə olduğunu bildirərək, sökülməsinə dair qərar çıxarıb. FHN-nin qərarında qeyd olunub ki, həmin binalar 2000-ci ilin sonunda Bakıda baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb.

Həmin bina 1960-61-ci illərdə tikilib və əsasən alimlərin yaşadığı binalardır. Binalarda 218 ailə yaşayır. Artıq binalarda yaşayan 40 ailə polislər vasitəsilə yaşadıqları mənzillərdən zorla çıxarılıb.

Aksiya keçirən sakinlər deyiblər ki, binalar qəzalı vəziyyətdə deyil, sadəcə həmin binaların yerində yeni hündürmərtəbəli binalar tikmək istəyirlər. Aksiya keçirilən yerə Baş nazirin müavini Abid Şərifov və Yasamal rayon icra başçısı İbrahim Vəliyev gəliblər. Sakinlərlə görüşdən sonra Vəliyev Trend -a bildirib ki, Fövqəladə Hallar Komissiyasının qərarı ilə ekspertlər həmin binalara yenidən baxış keçirəcəklər. Əgər binaların qəzalı vəziyyətdə olması yenidən sübut edilərsə, binalar mütləq söküləcək. İcra başçısının sözlərinə görə, sökülən binanın yerində hündürmərtəbəli bina tikiləcək və sakinlər eyni kvadratmetrlik mənzillərlə təmin olunacaqlar.

Sakinlər isə yaşadıqları mənzillərdən cıxmayacaqlarında israrlıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti