Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Səbail rayonu ərazisində yerləşən evlərdən birinin qəzalı vəziyyətdə olması müəyyən edildiyi üçün yeddi ailə oradan evakuasiya edilib. Bu barədə çərşənbə günü Trend -a İçəri Şəhər Dövlət Tarixi Memarlıq İdarəsinin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal və Təmir Xidmətindən (MKTX) məlumat verilib.
Məlumata görə, noyabrın 18-də saat 20:00 radələrində İçəri Şəhər, 1-ci Qala küçəsi, ev 45 ünvanda yaşayan sakinlər Fövqəladə Hallar Nazirliyinin (FHN) " 112" xidmətinə zəng vuraraq binada çatların, titrəmələrin baş verməsini hiss etdiklərini bildiriblər. "Hadisə haqda məlumat daxil olan kimi bizim xidmətin, Fövqəladə Hallar Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gedərək araşdırmalara başlayıblar ", - deyə MKTX-dan bildiriblər.
MKTX-dən əlavə ediblər ki, hadisə yerinə gələn mütəxəssislər ilkin araşdırma zamanı binanın qəzalı vəziyyətdə olmasını ehtimal etdikləri üçün ötən gecə saat 23:00 radələrində orada yaşayan 24 sakin çıxarılaraq "Böyük Qala" otelinə yerləşdiriliblər.
Həmin evdə 2000-ci ildə ildə Bakıda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyət yarandığı bildirilir. Qeyd olunan evdən başqa 1-ci Qala küçəsində yerləşən 38, 47 B və 60 ünvanlarda da qəzaların aşkar edilməsi ehtimal olunur.
Qəzalı olduğu ehtimal edilən evin təmir edilməsi və yaxud da sökülməsi məsələsi FHN mütəxəssislərinin verdiyi rəydən sonra məlum olacaq. Hazırda araşdırma aparılır .
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]