RED: Yanğınla bağlı sonuncu abzasa əlavə olunub.
Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/
Bakının "Neftçilər" metrosu ərazisində, "8-ci Kilometr" bazarı yaxınlığında səhər saat 9:00 radələrində yanğın baş verib.
Hadisə yerində olan şahidlərin çərşənbə günü Trend-ə verilən məlumata görə, yanğın "Diqlas" tikinti materialları mərkəzinin arxasında və "8-ci Kilometr" bazarının qarşısında salınan səyyar geyim yarmarkasında baş verib. Yanğının tikinti materialları mərkəzindəki mağazalara keçməsinin qarşısını almaq üçün əraziyə 5-dən artıq yanğınsöndürmə maşını cəlb olunub.
FHN Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğının qarşısını almaq üçün ilkin olaraq beşdən artıq yanğınsöndürmə maşını cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi müavini, polkovnik Rza Xudiyev hadisə yerində olan jurnalistlərə bildirib ki, yanğın barədə məlumat daxil olan kimi, dərhal 3 saylı çağırış elan olunub; yanğınsöndürənlər və xilasedicilər əraziyə cəlb ediliblər. Onun sözlərinə görə, yanğın 800 kvadratmetr ərazini əhatə edib. 50 dəqiqədən sonra yanğın söndürülüb.
Yanğın nəticəsində zərərçəkənlər barədə hələlik məlumat yoxdur.