...

Azərbaycanda hərbi təyyarənin qəzası ilə bağlı cinayət işi açılıb - Hərbi Prokurorluq (ƏLAVƏ OLUNUB-5)

Hadisə Materials 4 Fevral 2011 12:04 (UTC +04:00)

Son iki abzasda Hərbi Prokurorluğun məlumatı əlavə edilib (ilk xəbər dünən 18:18-də yayılıb)

Azərbaycan, Bakı, 4 fevral /Trend,müxbir K.Zərbalıyeva/

Azərbaycanın Kürdəmir rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Sabiroğlu deyib ki, hərbi təlim uçuşu zamanı SU-25 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj katapult yolu ilə xilas olub.

Sabiroğlu deyib ki, hadisənin səbəbləri araşdırılır.

Onun sözlərinə görə, hadisə baş verən ərazi yaşayış yerindən uzaq olduğundan, hər hansı xəsarət alan olmayıb.

Hərbi mənbələrdən Trend-ə bildiriblər ki, qəzaya uğramış təyyarədə ekipaj üzvləri polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürov olub.

İlkin ehtimala görə, SU-25 təyyarəsi eniş zamanı qəzaya uğrayıb.

Trend-in hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, qəza Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində baş verib. Qəza baş verən yer yaşayış sahəsindən 5-6 kilometr aralıdadır. Hazırda hadisə yerini hərbçilər mühasirəyə alıb və Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparır.

Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov Trend-ə bildirib ki, baş vermiş hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəhbərliyi, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər rayon Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycanın Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov cümə günü Trend-ə bildirib ki, təyyarə qəzası ilə bağlı cinayət işi açılıb. Təhməzov cinayət işinin hansı maddə ilə açıldığını bildirməyib.

"Yaradılan istintaq qrupu hazırda hadisə yerində araşdırma aparır. Təyyarənin qalıqları ekspertiza üçün yığılıb", - Təhməzov qeyd edib.

Xəbər lenti

Xəbər lenti