Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/
Ötən gecə Şamaxıda yağan güclü dolu rayonun təsərrüfatına ciddi ziyan vurub.
Şamaxı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, mayın 14-də gecə saatlarında Şamaxı şəhərinə və rayonun 10-dan çox kəndinə 10-15 dəqiqə müddətində güclü dolu yağıb.
Dolu fərdi evlərin, ictimai binaların, sosial obyektlərin dam örtüyünə, avtomobillərə, əkin sahələrinə və meyvə bağlarına çox ciddi ziyan vurub.
İlkin məlumata görə, 1000-dən artıq vətəndaşın fərdi yaşayış evininin, 110-a yaxın ictimai binanın, 12 sosial obyektin dam örtüyü tamamilə sıradan çıxıb. Əkin sahələri və üzüm bağları məhv olub, digər meyvə bağları yararsız hala düşüb.
Bundan əlavə, güclü dolu 100-dən artıq minik avtomobilini yararsız hala salıb.
Hazırda dəymiş zərərin həcmini müəyyənləşdimrək üçün rayon Fövqəladə hallar komissiyası tərəfindən araşdırma aparılır. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi məlumat verilib.