Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/
Lənkəran-Lerik yolunda və Lerikin bir neçə kəndində yenidən torpaq sürüşməsi baş verib.
Lerik rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Habil Məlikov Trend-ə bildirib ki, fevralın ilk ongünlüyündə bütün respublikaya, o cümlədən Lerikə yağan intensiv qar rayonun bir neçə yerində torpaq sürüşməsinə səbəb olub.
Onun sözlərinə görə, Lənkəran-Lerik magistralının 6 yerində yenidən torpaq sürüşməi baş verib.
Yol İstismar İdarəsinin əməkdaşları yolu torpaq çöküntülərindən təmizləsələr də, təhlükə hələ də qalır.
Yolda torpaq sürüşməsi avtomobillərin hərəkəti üçün problem yaradıb.
Komissiya sədri bildirib ki, rayonun mərkəzi də daxil olmaqla, 5 yaşayış məntəqəsində 15-ə yaxın ailəyə torpaq sürüşməsi nəticəsində ciddi ziyan dəyib.
FHK torpaq sürüşmələri və dəyən ziyanla bağlı artıq Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət edib. Nazirliklərin mütəxəssisləri sözügedən ərazilərə baxış keçiriblər.
Qeyd edək ki, son günlər Lənkəran-Lerik yolunda və Lerikin bir neçə kəndində torpaq sürüşməsi baş vermişdi.