Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/
Bakıda "toy karvanı"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə yol qəzası baş verib.
Trend xəbər verir ki, axşamüstü "toy karvanı"nda iştirak edən iki avomobil üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozaraq yolun əks istiqamətinə çıxıb və qəza törədib. Belə ki, sedan tipli avtomobil yolun əks istiqamətində ötmə əməliyyatını yerinə yetirmək istəyərkən arxadan gələn və artıq ondan daha əvvəl qaydanı pozmuş "Toyota Prado" markalı "cip" ona çırpılıb.
Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.
Qeyd edək ki, 2013-cü ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza hadisələrinin 19 faizi məhz üfüqi nişanlanma, yəni qoşa xəttin tələbini pozmaqla əks istiqamətli yol zolağı ilə hərəkətin davam etdirilməsi səbəbindən baş verib.