...

Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovun meyiti yaşadığı mənzildə tapılıb

Hadisə Materials 1 Avqust 2014 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın sabiq məşhur futbolçusu, 4 qat SSRİ çempionu Ələkbər Məmmədovun meyiti yaşadığı mənzildə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ə.Məmmədovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Ə.Məmmədov 9 may 1930-cu ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə ADU-nun (indiki BDU - red.) Jurnalistika fakültəsini bitirib.

Ə.Məmmədov futbolçu kimi Bakının "Neftçi" (1948-1953, 1960-1962), Moskvanın "Dinamo" (1954-1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. Beynəlxalq oyunlarda iştirak edib. SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısı olub.

Bakının "Neftçi" komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub, Bakının ali təhsil müəssisələrində işləyib. Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiri olub.

O, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası", 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi" fəxri adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti