Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət-Axtarış İdarəsi, Metropolitendə Polis şöbəsi, Suraxanı rayon Polis İdarəsinin) 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmada və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Emil İsmayılov tutulub.
BPİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, şübhəli şəxs avqustun 28-da Əmircan qəsəbəsi E.Həsənov küçəsindən İslam Teymurova məxsus "VAZ-2107" markalı, sentyabrın 9-da Əmircan qəsəbəsi C.Əliyev küçəsindən Böyükağa Cabbarova məxsus "VAZ-2105" markalı, oktyabrın 9-da Vahid Şıxbabayevə məxsus "VAZ-2105" markalı avtomobilləri qaçırmaqda təqsirləndirilir.
E.İsmayılovun ətrafında keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, o, 1997-ci il təvəlüdlü Zahir Əzizov və 1998-ci il təvəllüdlü İlqar Müslümlü ilə birlikdə noyabrın 1-nə keçən gecə Bülbülə qəsəbəsi S.Əliyev küçəsində yaşayan Məhərrəm Rzayevə məxsus "VAZ 2106" markalı avtomobildən açar seçmə yolu ilə qiymətli əşyaları və şəxsi sənədləri talayaraq, avtomobilə maddi ziyan vuraraq oğurluq törədib.
Birgə keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən qrupun digər üzvləri - Z.Əzizov və İ.Müslümlü tutularaq məsuliyyətə cəlb edilib. Tutulan şəxlər ətrafında əməliyyat-istinaq tədbirləri davam etdirilir.