Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/
Bu gün paytaxtda Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixananın 75 metr hündürlüyündəki dəmir-beton konstruksiyalı borunu sökmək istəyən 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, üç nəfər - Axundov Telman Əliyusif oğlu, onun qardaşı Şamo Axundov Əliyusif oğlu və Cəbrayılov Elton Əlibala oğlu sökülməkdə olan və hündürlüyü təqribən 75 metr olan dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas edib.