Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
Tovuzda ağır yol qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzdan Qazax istiqamətinə hərəkət edən "Ford" markalı sərnişin avtobusunun sürücüsü, Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini 36 yaşlı Cəmil Əsgərov rayonun Düz Cırdaxan kəndi ərazisində dönmə əməliyyatını yerinə yetirə bilməyərək avtomobili yol kənarındakı betonlara çırpıb.
Güclü zərbənin təsirindən "Ford" hissələrə ayrılıb. Hadisə zamanı mikroavtobusda sərnişin olmadığından yalnız sürücü ağır xəsarət alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan Cəmil Həsənovu hadisə yerinə çağırılan yanğınsöndürən-xilasedicilər çıxarıblar. Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb.