Bakı. Trend:
Bu gün təbiət növbəti dəfə Şəkinin Kiş kənd sakinlərini sınağa çəkib. Trend Region TV-yə istinadən xəbər verir ki, günün ikinci yarısında dağlıq ərazilərə, şəhərin yuxarı hissəsinə yağan şiddətli yağışlar yenə də fəsadlara səbəb olub.
Yağıntının miqdarının çox olması səbəbindən Kiş çayında suyun səviyyəsi bir neçə dəfə artıb. Bir müddət əvvəl Kiş kəndi ilə rayon mərkəzi arasında salınan müvəqqəti körpünün bir hissəsi uçub. Nəticədə həmin ərazidən gediş-gəliş məhdudlaşıb. Bundan başqa su çayın bəzi hissələrindən sızaraq yaxınlıqdan keçən avtomobil yoluna axıb. Hadisə nəticəsində Kiş kəndinin elektrik təminatı da dayanıb.
Fəsadları aradan qaldırmaq üçün əraziyə çoxlu sayda işçi qüvvəsi və canlı texnika cəlb olunub. Körpü düzəldilib, gediş-gəliş bərpa olunub. Hazırda rəsmilər, əlaqədar qurumların səlahiyyətliləri hadisə yerindədir. Dəyən ziyanın həcmi müəyyənləşdirilir.