Bakı. Trend:
Noyabrın 29-da DİN-in “102” Zəng Mərkəzinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində pulqabısının oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, zərərçəkmişi itələyən şəxslər içində 500 manatı olan pulqabısını arxa cibindən götürərək aradan çıxıblar.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla onların paytaxt ərazisində kirayədə yaşayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Muxtarov və Pirallahı rayon sakini İlyas Sultanov olduqları müəyyən edilib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.
Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.