Bakı. Trend:
2020-ci il 18 Mart tarixində saat 18:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan şəhəri, H.Hacıyev küçəsində həyətyanı əraziyə 1992-ci ildə mərminin düşməsi və torpağın altında qalması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, məlumatın havanın qaranlıq saatlarında daxil olmasını və ərazidə qazıntı işlərinin aparılmasının zəruriliyini nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları 2020-ci ilin 19 mart tarixində həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən mərminin düşdüyü ehtimal olunan ümumilikdə 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilmiş, mərmi və onun qalıqlarına rast gəlinməyib.
Bununla da verilən məlumatın yalnış olduğu müəyyən olunub.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 mart 2020-ci il tarixlərində 73 siqnal (əməliyyat çağırışı) əsasında 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 186 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 13 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 38 435 kv.m ərazi yerüstü və 4 281 kv.m ərazi yeraltı yoxlanılıb.