...

Rəfael Cəbrayılovun cinayət işi üzrə zərərçəkmişlərlə bağlı DİN-ə müraciət edildi

Hadisə Materials 10 Mart 2022 12:46 (UTC +04:00)
Rəfael Cəbrayılovun cinayət işi üzrə zərərçəkmişlərlə bağlı DİN-ə müraciət edildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Təranə Fətəliyeva və Vidadi Məmmədova dəfələrlə çağırış göndərilsə də məhkəməyə gəlmirlər.

Prosesdə vəkil Kamandar Nəsibov zərərçəkmişlərin bu addımının məhkəmə tərkibinə hörmətsizlik olduğunu deyib. O bildirib ki, zərərçəkmişlər məhkəmə prosesini səbəbsiz uzadır.

Məhkəmə barələrində məcburi gətirilmə qərarı olan hər iki şəxsin məhkəmə iclaslarında iştiraklarının təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət göndərilməsi ilə bağlı qərar qəbul edib.

Proses martın 31-də davam etdiriləcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti