...

Əcnəbilərdən rüşvət almaqda təqsirləndirilən sabiq polis və prokuror ittihamları rədd edir

Hadisə Materials 1 Noyabr 2022 11:19 (UTC +04:00)
Əcnəbilərdən rüşvət almaqda təqsirləndirilən sabiq polis və prokuror ittihamları rədd edir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi, külli miqdarda rüşvət almaqda təqsirləndirilən Samir Kərimov və Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Samir Kərimov bir neçə vəsatətlə çıxış edərək bildirib ki, rüşvət alma ittihamı ilə barəsində olan cinayət işi məhkəməyə verilib. Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə əsasən məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli məsələsinə baxılmalıdır.

S.Kərimov həmçinin özünü təqsirli bilməyib və iş üzrə digər təqsirləndirilən şəxs, həmçinin şahidlərin dindirilməsi başa çatdıqdan sonra onun dindirilməsinin təmin olunmasını istəyib.

"İş üzrə şahid qismində tanınmış Hindistan vətəndaşları vətəndaşı olduğu ölkənin məhkəmə hüquqları ilə dindirilsin, onların video-konfrans formatında üzləşdirilmələri həyata keçirilsin. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin rəisi olmuş Ülvi Allahyarovun hansı ölkədə olmasının müəyyən edilməsi və onun iş üzrə dindirilməsi, həmçinin onunla üzləşdirilməsini xahiş edib.

Prokuror vəsatətlərin təmin olunması üçün hazırkı mərhələdə əsas olmadığını deyib və vəsatətlərin rədd edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə Samir Kərimovun vəsatətini qismən təmin edib. Qərara görə, təqsirləndirilən şəxsin şahidlərin dindirilməsindən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub.

Daha sonra prosesdə vəsatət qaldıran digər təqsirləndirilən Ramin Talıbovun vəkili bildirib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra müdafiə etdiyi şəxs sərbəst ifadə versin . Məhkəmə vəsatəti təmin edib.

Daha sonra prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Ramin Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb edərək onlardan 20 min manat alıblar.

Onlar əcnəbiləri keyfiyyətsiz məhsullar satmaqda hədələyərək pul almaqda təqsirləndirilir.

İttihamda deyilir ki, Samir Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Növbəti proses noyabrın 14-də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti