Bakı. Trend:
Gəncə Ağır Cinayətlər Məhkəməsində sabiq hərbi hissə komandiri, keçmiş Milli Qəhrəman 1956-cı il təvəllüdlü Rasim Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Xalid Məmmədovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 14 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin sentyabrın 8-də Goranboy şəhərində baş verib.
Xalid Məmmədovun atası Ziya Məmmədov Rasim Əkbərovun tabeliyində birinci Qarabağ müharibəsində iştirak edib. R.Əkbərov rayon sakinləri arasında tanınan və yüksək nüfuza sahib olan biri kimi tanındığından Xalid ona yaxınlaşaraq tanışlıq verib və həbsdə olan tanışının azadığa buraxılması üçün ondan kömək istəyib. Rasim Əkbərov ondan həmin şəxsin ad və soyadını sürücüsü Zirəddinə deməyini, köməklik göstərəcəyini bildirib. Növbəti gün o çayxanada çay içərkən Xalid ona yaxınlaşıb və dünənki vədini xatırladıb. Lakin Rasim həmin vaxt telefonla danışdığından Xalidə şəxsi söhbəti olduğunu və oradan uzaqlaşmasını deyib. Xalid israr etdikdə Rasim yenidən “dur burdan aralan telefonla danışıram”,-deyərək əsəbiləşib. Bu zaman Xalid üzərində daşıdığı bıçaqla ona 8 dəfə xəsarət yetirib. Ağır yaralanan 65 yaşlı R.Əkbərov Gəncə Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məhkəmənin hökmü ilə Xalid Məmmədpv Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.